“Qəbələ” klubu AFFA-ya rəsmi məktub göndərib. Korner.az-ın məlumatına görə, klubun vitse-prezidenti Fariz Nəcəfovun imzası ilə assosiasiyanın baş katibi Elxan Məmmədova ünvanlanan məktubda Qəbələdə 15 yaşlılardan ibarət komandalar arasında təşkil edilən “I Qəbələ Kuboku” beynəlxalq turnirdə göstərdikləri köməyə görə dərin minnətdarlıq bildirilib: “Qəbələ” Futbol Klubu bundan sonra da AFFA-nın dəstəyi ilə bu cür yüksək səviyyəli tədbirlər təşkil etməyə davam etməkdədir. Xüsusilə, oyunlara təyin olunan hakim briqadaları meydançada göstərdikləri obyektivlik və qətiyyətlə həm bizi, həm də qonaq komandaları razı salmışdı”.
Qeyd edək ki, mayın 30-dan iyunun 4-dək AFFA-nın hakimlərinin idarə etdiyi turnirin qalibi “Qalatasaray” oldu.