“Qəbələ”dən 20-ci start
12.09.2024 , 22:47
“Qəbələ” 2024-2025-ci illər mövsümünə sabah start verəcək.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” I Liqada I turun matçına çıxacaq. Kaxaber Tsxadadzenin yetirmələri Qəbələ şəhər stadionunda “Zaqatala” ilə üz-üzə gələcək.
Bu, komandanın Azərbaycan çempionatlarında 20-ci mövsümü olacaq. Debütü 2005-2006-cı illər mövsümünə təsadüf edən “qırmızı-qaralar” ilk oyununu 2005-ci il sentyabrın 21-də “Şərur”a qarşı keçirib.
Birinci dəstənin (indiki I Liqa) ilk turundakı ev matçında “Qəbələ” 8:0 hesabı ilə qalib gəlib. Həmin mövsümdə aşağı liqanın qalibi olan bölgə klubu Premyer Liqaya yüksəlib. Burada ardıcıl 18 mövsüm çıxış edən “Qəbələ” iki gümüş (2016-2017, 2017-2018) və üç bürünc (2013-2014, 2014-2015, 2015-2016) medal qazanıb.
“Qəbələ” ölkə çempionatlarındakı 19 mövsüm ərzində iki liqada ümumilikdə 570 oyun keçirib. Bunların 225-də qələbə qazanan komanda 149 heç-heçə edib və 196 dəfə meydanı xalsız tərk edib.
“Qəbələ” ilk turdakı rəqibi “Zaqatala” ilə ikinci dəfə qarşılaşacaq. Komandaların yolları 2016-2017-ci illər mövsümündə Azərbaycan kubokunun 1/8 finalında kəsişib. 2:2 hesabı ilə bitən görüşün penaltilər seriyasında “qırmızı-qaralar” daha dəqiq olub – 4:1. Həmin qarşılaşmada komandamızın qollarını Voislav Stankoviçlə Rəşad Eyyubov vurublar.
“Qəbələ” Zaqatala təmsilçiləri ilə ümumilikdə 33 dəfə qarşılaşıb. 2005-2006-cı illər mövsümündə birinci dəstədə “Simurq”a iki dəfə (2:0, 3:1) qalib gələn “qırmızı-qaralar” bu rəqiblə həm Premyer Liqa, həm kubokda da üz-üzə gəlib. Zaqatala klubları ilə ümumilikdə 33 matçda 13 qələbə qazanan “Qəbələ” 11 heç-heçə edib və 9 görüşdə məğlub olub. Bu oyunlarda 35 qol vuran komanda 32 top buraxıb.
Qeyd edək ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zaqatala” matçı saat 17:00-da başlayacaq.