Moldovanın Tiraspol şəhərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən beynəlxalq turnirdə çıxışını davam etdirən “Qəbələ” bu gün növbəti oyununa çıxıb.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, qrup mərhələsi çərçivəsində baş tutan sonuncu – üçüncü qarşılaşmada “qırmızı-qaralar” Uşaq Gənclər İdman Məktəbi (Ukrayna) ilə münasibətlərinə aydınlıq gətiriblər. Hər iki komanda daha öncə keçirdiyi 2 oyunu qələbə ilə yekunlaşdırdığına görə matç qrup liderliyi baxımından prinsipiallıq daşıyırdı.
Qarşılaşmada 9 nəfərlə mübarizə aparan “Qəbələ” görüşdən 2:1 hesablı qalib ayrılıb.
Beləliklə, UGİM üzərində qələbədən sonra xallarının sayını 9 yüksəldən “Qəbələ” qrup mərhələsini lider kimi tamamlayıb və yarımfinala vəsiqə qazanıb. Finala vəsiqə uğrunda mübarizədə “qırmızı-qaralar” martın 16-da ev sahibi “Şerif”lə üz-üzə gələcək.
