“Qəbələ” – “Zirə”: 31-ci duel
05.11.2022 , 11:40

Azərbaycan Premyer Liqasında XIII turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, bu gün meydana çıxacaq “Qəbələ” “Zirə” ilə qarşılaşacaq. Qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq.
Bu, iki rəqib arasında 31-ci duel olacaq. İndiyədək komandalar 30 dəfə görüşüb. 11 qələbə qazanan “Qəbələ” 13 heç-heçə edib və 6 dəfə məğlub olub. Rəqib qapısına 40 qol vuran “qırmızı-qaralar” 26 top buraxıb. Əyalət təmsilçisinin bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır.
İndiyədək keçirilən 30 görüşdən 28-i çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 9 dəfə rəqibini üstələyən komandamız 13 matçdan 1 xalla ayrılıb. Digər 6 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 33 qol vuran “qırmızı-qaralar” 24 top buraxıb.
“Qəbələ” 15-ci dəfə “Zirə”ni öz meydanında qəbul edəcək. 5 qələbəsi olan meydan sahibləri 8 sülhə imza atıb və yalnız 1 dəfə uduzub. Doğma divarlar arasında 19 qol vuran “qırmızı-qaralar” 10 top buraxıb.
Bu gün Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” matçı saat 15:00-da başlayacaq.
