Öncəki günlərdə sıralarını Vladimir Levin və Nizami Hacıyevlə gücləndirən “Qəbələ” daha iki futbolçunu rənglərinə bağlayıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan futbolsevərlərinə yaxşı tanış olan yarımmüdafiəçi İbrahima Niasse və qapıçı David Petrzkeviç gələcək karyeralarını “Qəbələ”də davam etdirəcəklər.
18 aprel 1988-ci ildə Seneqalda dünyaya gələnİbrahima Baye Niasse peşəkar futbolçu karyerasına 2006-cı ildə Fransada – “Nansi” klubunda başlayıb. 2008-ci ilədək sözügedən komandada top qovan Niasse sonrakı 3 mövsümü (2008-2009, 2009-2010, 2010-2011) İsveçrənin “NE Xamax” klubunda keçirib. 2011-2012-ci futbol ilində isə seneqallı futbolçunun Bakı “İnter”inə keçidi reallaşıb və yarıımüdafiəçi son mövsümədək adıçəkilən klubun şərəfini qoruyub. Niasse ilə birillik müqavilə imzalanıb.
9 fevral 1988-ci ildə Polşada anadan olan David Petrzkeviç karyerasına 2006-cı ildə vətənində – “Stal Sanok” klubunda başlayıb. Qapıçı karyerası boyunca “Poloniya” (Varşava, Polşa), “Banik Ostrava” (Çexiya), “Pimorye” (Sloveniya) kimi klublarda çərçivəni qoruyub. Petrzkeviç son mövsümdə Zaqatala “Simurq”unun şərəfini qoruyub. Qapıçı ilə 1+1 illik müqavilə imzalanıb.