Futbol

“Qəbələ” üçün Antalyada ilk sınaq

18.01.2022 , 10:01

“Qəbələ” 2021/22 mövsümünün ikinci yarısının hazırlığını davam etdirir.

Korner.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 3-cü gününü başa vurub.

Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Hazırlıq prosesi günün ikinci yarısında baş tutub. Komanda üzvləri toplu və topsuz çalışmaları yerinə yetiriblər.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, “Qəbələ”nin dörd futbolçusu hazırlıqda iştirak etmir. Onlardan biri – Rüfət Əhmədov Antalyaya aparılsa da, bərpa prosesi keçən müdafiəçi fərdi məşqlərlə kifayətlənir. Bərpa dövrünü keçirən digər iki oyunçu isə toplanışa yollanmayıb. Ürfan Abbasovla Yaovi Akakpo bu prosesi Bakıda keçir. “Qəbələ”nin yeni transferi Patrik Robson da hələlik hazırlığa qatıla bilmir. Koronavirusa yoluxan braziliyalı hücumçu vətənindədir.

Sonda onu da bildirək ki, “Qəbələ” sabah Antalyada ilk yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” Polşanın “Zaqlembe” klubu ilə görüşəcək. “İC Santai” Futbol Mərkəzindəki qarşılaşmaya Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

Əsası 1945-ci ildə qoyulan Lubin təmsilçisi tarixi ərzində 2 dəfə çempionluq qazanıb. 1990/91 və 2006/07 mövsümlərinin qalibinin hesabında bir gümüş və iki bürünc medal da var. “Zaqlembe” Polşada 3 dəfə kubok, 1 dəfə superkuboka da yiyələnib. Avrokuboklarda ən yaxşı nəticəsi sonuncu dəfə qatıldığı 2016/17 mövsümündə qeydə alınıb. Həmin vaxt “Zaqlembe” Avropa Liqasında 3-cü təsnifat mərhələsinə qədər irəliləyib. “Qəbələ”nin rəqibi 2000-ci ildə İntertoto kubokunda Azərbaycan təmsilçisi “Viləş”i mübarizədən kənarlaşdırıb – 4:0, 3:1. Ötən mövsüm Ekstraklasada 16 komanda arasında 8-ci yeri tutan komanda hazırda 18 iştirakçı arasında 14-cüdür.

Son yazılar

Yuxarı