Qəbələdə 15 yaşadək futbolçular arasında start götürən “I Qəbələ Kuboku-2012” turnirinə klublarımız fərqli nəticələrlə başlayıblar.
Korner.az-ın məlumatına görə, A qrupunda yarışan təşkilatçı “Qəbələ” açılış matçında Danimarkanın “Bröndbü” klubunu darmadağın edib – 6:2.
İlk yarını 3:2 hesablı üstünlüklə başa vuran “Qəbələ” fasilədən sonra daha 3 qola imza atıb. Meydan sahiblərinin oyunçularından Coşqun Süleymanov, Vüqar Əlibabayev (hərəyə 2 qol), Tural Məmmədrzayev və Ülvi İsgəndərov fərqlənib.
B qrupunda yer alan “Qarabağ” isə İspaniya “Levante”sinə uduzub – 1:2. İlk yarıda “Levante” biri penaltidən olmaqla 2 qol vurub. “Qarabağ” isə təsəlli qoluna fasilədən sonra imza atıb. Bu qolu penaltidən Şahban Cəbrayılov vurub.
İlk tura “Qalatasaray” – “Vilyarreal” və “Feyenord” – Serbiya matçları ilə yekun vurulacaq.
