“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun PAOK-la (Yunanıstan) oyununun hazırlıqlarına start verib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının XIII turunun noyabrın 21-də “Sumqayıt”la səfərdə keçirilən oyunundan (2:2) sonra məşqlərinə 1 günlük fasilə verən “qırmızı-qaralar” hazırlıqlarını bərpa edib.
Komanda ötən gün Qəbələdə məşq keçib. Son görüşdə iştirak edənlər fiziki hazırlıqla kifayətlənibsə, digər oyunçular topla məşq edib. Bu gün “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda növbəti məşqini keçirəcək. Hazırlıq prosesi səhər baş tutacaq. “Qəbələ” Salonikiyə noyabrın 25-də yollanacaq. Oyunöncəsi son məşq də qarşılaşmanın keçiriləcəyi arenada baş tutacaq.
Xatırladaq ki, noyabrın 26-da keçiriləcək PAOK – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. Oyunu danimarkalı hakimlər briqadası idarə edəcək.
