Başa çatmaqda olan 2014-cü il təkcə futbolda deyil, “Qəbələ” İdman Klubunun nəzdində fəaliyyət göstərən digər sahələr üzrə bölmələr üçün də uğurlu olub.
Korner.az-ın məlumatına görə, idmançılarımız beynəlxalq və ölkə miqyaslı turnirlərdə dəfələrlə fəxri kürsüyə qalxmağı bacarıblar.
Klub tərəfindən təşkil olunan tədbir də digər növlər üzrə bölmələrin il ərzindəki çıxışlarına həsr edilib. İlin yekunları ilə bağlı keçirilən görüşü “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov açaraq, tədbir iştirakçılarını klub prezidenti Tale Heydərovun adından salamlayıb. Yola saldığımız ilin uğurlu keçdiyini vurğulayan vitse-prezident bu nailiyyətlərin davamlı olacağına əminliyini bildirib, “Qəbələ”nin idmançılarına qatılacaqları bütün yarışlarda uğurlar arzulayıb.
Döyüş növləri üzrə klubun əlaqələndiricisi Səbuhi Qarayev 2014-cü ildə əldə olunan uğurlardan danışıb. Bildirilib ki, il ərzində beynəlxalq turnirlər, “Qran-pri” yarışları, dünya və Avropa kuboklarında dəfələrlə mükafatçılar sırasına düşən klub üzvləri rəsmi dünya və qitə çempionatları, həmçinin birinciliklərində 9 medal qazanıblar. Bunlardan 3-ü qızıl, 2-si gümüş, 4-ü bürünc olub.
Tədbir 2014-cü ildə uğur əldə edən idmançıların mükafatlandırılması ilə davam etdirilib.
İdmançılardan Mehman Sadıqov (cüdo, dünya və Avropa çempionatının mükafatçısı), Məhəmməd Məmmədov (taekvondo, dünya çempionu), Nərgiz Mirzəyeva (taekvondo, dünya çempionatının mükafatçısı), Məhəmmədəli Tahirov (boks, Avropa çempionatının mükafatçısı), baş məşqçilər Rauf Aydınov (boks), Səbuhi Zülfüqarov (taekvondo), Ramil İsmayılov (cüdo), məşqçi Rəşad Məmmədov (cüdo) 2014-cü ildə əldə olunan nailiyyətlərə görə mükafatlandırılıb.
Müxtəlif səbəblərdən tədbirə qatıla bilməyən cüdoçu Uşangi Kokauri (Avropa çempionatının mükafatçısı), Qəbələ şəhərindəki bölmələrin məşqçiləri Rail İsmayılov (cüdo) və Ramiz Mirkamilov (boks) da ilin yekunlarına əsasən mükafata layiq görülənlərin siyahısında yer alıblar.
