Topaz Premyer Liqasının “altılıq”dakı ilk turunda martın 13-ü “Qəbələ” “İnter”lə qarşılaşacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ramiz Məmmədovun yetirmələri XXIII turun bu matçını öz meydanında keçirəcək. Bu görüş komandaların ümumilikdə 21-ci, çempionatda 19-cu qarşılaşması olacaq. Belə ki, 2 oyun Azərbaycan kubokuna təsadüf edib.
Komandaların ilk görüşü təxminən 6 il yarım əvvəl – 2006-cı ildə baş tutub. Həmin vaxt qolsuz heç-heçə qeydə alınıb. Bundan sonra rəqiblər daha 5 dəfə qalibi müəyyənləşdirə bilməyərək meydandan bərabərliklə ayrılıb. 10 matçda “İnter”, 4 görüşdə “Qəbələ” qalib gəlib. “Qırmızı-qaralar” bu dəfə 5-ci qələbəni qazanmaq üçün meydana çıxacaq. Top fərqində də bakılılar öndədir – 30:15.
Lakin paytaxt təmsilçisinin üstünlüyü əvvəlki illərdə qazanılan qələbələr sayəsindədir. Son illərdə isə bərabər səviyyədə mübarizə müşahidə olunur. Son 2 il yarım müddətində baş tutan 7 qarşılaşmada bərabərlik hökm sürür: hərəyə 2 qələbə və 3 heç-heçə.
Ümumiyyətlə 2010-cu il sentyabrın 19-da baş tutan qarşılaşmadan sonra qonaqlar qələbə qazana bilmir. Çünki son 7 qarşılaşmada ya heç-heçə qeydə alınır, ya da meydan sahibləri qalib gəlir. Son 4 oyunda qonaqlar xala da həsrət qalıb. “İnter” də, “Qəbələ” də son 2 ev matçında qalib gəlib. Məmmədovun yetirmələri ardıcıl 4 oyundur “İnter”in qapısına yol tapmaq ənənəsini davam etdirməyə çalışacaq. Çünki son 4 dueldə komanda ən azı 1 qol vurur.
“Qəbələ” “İnter”lə öz meydanında keçirdiyi oyunlarda üstünlüyə malikdir. 11-ci dəfə bakılıları qonaq edəcək “qırnızı-qaralar” 4 dəfə qonaqları məğlub edib. Digər matçlardan 3-də heç-heçə, 3-də “İnter”in qələbəsi qeydə alınıb. Bu matçlardakı top fərqi də meydan sahiblərinin xeyrinədir – 8:6.
Qeyd edək ki, “Qəbələ” – “İnter” matçını Vüsal Əliyev idarə edəcək. Görüş isə saat 15:00-da başlayacaq.