“Qəbələ” Topaz Premyer Liqasında növbəti ev oyununu doğma stadionunda keçirəcək.
Korner.az-ın məlumatına görə, bu barədə apasport.az saytına klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.
O bildirib ki, Qəbələ şəhər stadionu oyun qəbul etməyə artıq tam hazırdı. Beləliklə, “qırmızı-qaralar” çempionatın V turu çərçivəsində sentyabrın 19-da AZAL-ı doğma azarkeşləri önündə qəbul edəcək. Bu isə “Qəbələ”nin cari mövsümdə öz stadionunda ilk görüşü olacaq.
Bürünc mükafatçının Avropa Liqasındakı növbəti ev matçının yeri də müəyyənləşib. Səfiyarlı 8-ci km qəsəbə stadionunun hazır vəziyyətə gətirildiyini bildirib. Onun sözlərinə görə, qrup mərhələsinin II turunda “Maynts”la qarşılaşma məhz bu arenada baş tutacaq. Almaniya təmsilçisi ilə görüş sentyabrın 29-da oynanılacaq.
Qeyd edək ki, “Qəbələ” Topaz Premyer Liqasının ilk iki turunda “Kəpəz” və “İnter”i “Dalğa Arena”da qəbul edib.
