“Qəbələ” sabah – fevralın 27-də ilk oyunları baş tutacaq Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qarabağ”la qarşılaşacaq.
Korner.az-ın məlumatına görə, ötən mövsüm də bu mərhələdə elə bu rəqiblə qarşılaşan komanda 1 il sonra revanş üçün meydana çıxacaq. Düzdür, həmin vaxt ağdamlılar “Qəbələ”yə qalib gəlməmişdi. Hər 2 oyunu heç-heçə bitən cütün taleyini “Qarabağ”ın Qəbələdə vurduğu səfər qolları həll etmişdi – 2:2 və 0:0.
Ardıcıl 3-cü, ümumilikdə isə 5-ci dəfə bu mərhələyə yüksələn “Qəbələ” hələlik 2 dəfə yarımfinala adlayıb. İlk 2 cəhddə bunu bacaran komanda son 2 ildə məhz bu səddə “ilişib”. İndi bu seriyanı qırmalı olan komanda 1/4 finaldakı ev oyunları ənənəsinə də son qoymalıdır. Belə ki, “Qəbələ” tarixi ərzində kubokun 1/4 finalında keçirdiyi bütün ev oyunlarını istisnasız olaraq heç-heçə başa vurub. İlk 4 heç-heçədən sonrakı 5-ci matçda qələbə qazanmaq üçün “Qarabağ”ı yenmək lazımdır.
İndiyədək 2 kubok matçından başqa daha 18 dəfə Premyer Liqada Ağdam təmsilçisi “Qəbələ”yə rəqib olub. Bu matçlarda cüzi üstünlük “Qarabağ”ın tərəfindədir. Ağdamlılar 6, “Qəbələ” 5 qələbə qazanıb. Daha 9 görüşdə isə qalib müəyyənləşməyib. 43 qolun vurulduğu matçlarda “Qarabağ” daha məhsuldar olub – 23:20. Amma son 8 oyunda 3 qələbəsi olan “Qəbələ” 5 dəfə heç-heçə edib və uduzmayıb. 2011-ci il fevralın 13-də qazandığı qələbə “Qarabağ” üçün sonuncu olub ki, həmin vaxtdan 2 ildən çox vaxt keçib.