“Qəbələ” həftəsonu keçiriləcək Unibank Premyer Liqanın XXX turunda “Bakı” klubu ilə görüşəcək.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 29-da baş tutacaq ev oyunu bu rəqiblə 22-ci matç olacaq.
Paytaxtın eyniadlı təmsilçisi “Qəbələ üçün çətin rəqiblərdən sayılır. Belə ki, əvvəlki 21 qarşılaşmanın balansı heç də meydan sahiblərinin xeyrinə deyil.
15 çempionat və 6 kubok oyunu arxada qoyan rəqiblərin duellərində 2 qələbəsi olan “Qəbələ” sonuncu dəfə 2010-cü il mayın 1-də qalib gəlib. Sonrakı 730 gündə keçirilən 7 oyunda “Qəbələ”nin hesabında 2 heç-heçə və 5 məğlubiyyəti var. Ümumilikdə isə 14 dəfə qalib gələn “Bakı” ilə oyunlarda ”Qəbələ” 5 dəfə heç-heçə edib. Top fərqində də bakılılar öndədir – 27:9.
Çempionatda 15 matçda bakılıların 11, Qəbələ təmsilçisi 2 qələbəsi var. 2 heç-heçəsi olan rəqiblərin bu duellərində “Bakı” 21, “Qəbələ” 7 qol vurub. Kubokdakı 3 dueldə baş tutan 6 oyunda “Bakı” 3 qələbə qazanıb və 3 heç-heçə edib. Qələbə qazanmamasına baxmayaraq, “Qəbələ” 1 dəfə penaltilər seriyasında mərhələ keçməyi bacarıb. Top fərqində isə paytaxt təmsilçilərinin üstünlüyü hiss olunur – 6:2.