İspaniyanın "Barselona" klubu cari mövsümün sonunda kapitan Karles Puyol ilə vidalaşacaq.
Korner.az-ın məlumatına görə, təcrübəli futbolçu martın 4-də təşkil etdiyi mətbuat konfransında "Barselona"dan gedəcəyini deyib.
19 ildir ki, "katalonlar"ın heyətində top qovan Puyol son zamanlar qarşılaşdığı zədələrin onun oyununa maneə törətdiyini açıqlayıb. Konfransda onu da qeyd edib ki, "Barselona" ilə hələ 2 il də davam etməli olan müqaviləsi də qarşılıqlı razılaşma yolu ilə ləğv ediləcək.
Qeyd edək ki, Puyol bu mövsüm La Liqada 5 oyuna çıxıb, 4 dəfə də ehtiyat oyunçular skamyasında oturub. Qalan oyunları isə zədə səbəbindən buraxıb.