Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan şahmatçısı
Vüqar Həşimovun ailəsinə başsağlığı verib.
Korner.az-ın məlumatına görə, dövlət
başçısı şahmatçının atasına ünvanladığı
məktubda V.Həşimovun vaxtsız vəfatından son dərəcə kədərləndiyini bildirib:
“Hörmətli Qasım Həşimov,
Oğlunuz, görkəmli Azərbaycan şahmatçısı, şahmat üzrə üçqat
Azərbaycan çempionu, qrossmeyster Vüqar Həşimovun vaxtsız vəfatından son dərəcə
kədərləndim. Vüqar Həşimovun Azərbaycan idmanı qarşısındakı xidmətləri
əvəzsizdir. O, Azərbaycan şahmat məktəbinin inkişafına misilsiz töhfələr verib,
öz parlaq qələbələri ilə ölkəmizin adını daim yüksəklərə qaldırıb.
Azərbaycan xalqı, idman ictimaiyyətimiz dünyanın ən güclü
şahmatçılarından biri olan istedadlı idmançımız ilə fəxr edir, ondan hələ çox
qələbələr, yeni-yeni zirvələr gözləyirdi.
Amansız tale Vüqar Həşimovu istedadının ən çiçəklənən bir
vaxtında çox erkən aramızdan apardı. Lakin onun parlaq xatirəsi bizim
hamımızın, Azərbaycan xalqının, bütün şahmatsevərlərin qəlbində daim yaşayacaq.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, Aidə xanıma,
ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.
AzərTAC
