Bir neçə gün bundan öncə Peşəkar Futbol Liqası telekanallar arasında tender elan elədi. Tenderdə iştirak edən "İdman Azərbaycan" və "Xəzər" televiziyaları PFL-nin şərtləri ilə tanış olub bir həftə müddətinə cavab verəcəklərini deyiblər.
Maraqlıdı, hansı telekanal PFL-nin bir illik yayım hüququ üçün 500.000 manatından keçər?
Məsələ orasındadır ki, Premyer Liqa oyunlarına maraq elə də böyük deyil. Misal üçün, avrokuboklara vəsiqə qazanan klublarımızdan təkcə "Xəzər Lənkəran"ı çıxmaqla, digər komandalarımızın Premyer Liqa oyununa, demək olar ki, azarkeş gəlmirdi.
Boş tribunalar önündə mövsümü yola verən bu klublarımız indi də avrokuboklarda yarışırlar. Hələ ki paytaxtda bir oyun baş tutub ki, bu da "Bakı" – "Mura" oyunudu.
Mərdəkandakı "Dalğa Arena"da keçirilən oyuna heç 2 min azarkeş gəlməmişdi. Bəs maraqlıdı, PFL kanallara 500 min manat pul oxuyanda bu amilləri nəzərə almırmı?
Azarkeşlərin avrokubok oyununa marağı budusa, Premyer Liqada nə olacaq?
Bu məslə ilə bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Qurum rəsmisi məsələyə belə aydınlıq gətirdi: "Əgər bizim telekanallardan istədiyimiz məbləğ yüksəkdirsə, az versinlər. Biz bunu onlara təklif eləmişik".
Halbuki, PFL-in prezidenti Ramin Musayev “500 min minimum rəqəmdir” demişdi. Belə çıxır ki, bazarlıq etməyə dəyər. Hələ bunun axşamı var. Axşamlar bazarda xeyli ucuzluq olur axı. Yəqin ki, kanallarımız da axşamın düşməsini gözləyirlər. Ki, ucuz qiymətə alıb, baha qiymətə sırısınlar. Bazar olsun!
Səxavət QURBANOV
