Premyer Liqada 60-cı səfər qolu
16.09.2019 , 18:24

“Zirə” Azərbaycan Premyer Liqasında 60-cı səfər qolunu vurub.
Bu, cari mövsümün 4-cü turuna təsadüf edib.
“Sumqayıt”la rəqib meydanında keçirilən matçda vurulan ikinci qol yubiley xarakteri daşıyıb. “Qartallar”a 2:1 hesablı qələbə qazandıran topun müəllifi olan Şefik Tiqrudja komandanın səfərdəki 60-cı qoluna imza atıb.
Premyer Liqada 2015/16 mövsümündə debüt edən “Zirə” özünün ilk cəhdində də, 2017/18 mövsümündə də rəqib meydanında 15 qola imza atıb. 2016/17 mövsümündə 11 dəfə fərqlənən komanda ötən çempionatda daha çox – 17 səfər qoluna sevinib. Arxada qalan 4 çempionatdakı səfər görüşlərində 58 dəfə fərqlənən zirəli futbolçular “Sumqayıt”la qarşılaşmada bu rəqəmi 60-a çatdırıb. Mövsümün ilk səfər görüşündən – “Səbail”lə matçdan (0:1) qolsuz ayrılan “qartallar” “Kapital Bank Arena”da iki dəfə meydan sahiblərini məyus edib.
Səfərdəki 62-ci oyunda 60-cı qola imza atan komandanın məhsuldarlığı 0,97-yə bərabərdi.
