Ölkə çempionatında yer alan fasilə başa çatmaq üzrədir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təxminən 15 günlük istirahətin sona yaxınlaşması ilə bərabər vətənlərində dincələn məşqçi və futbolçu heyətinin üzvləri gələn həftədən başlayaraq Bakıya qayıdacaqlar.
"Bakı" futbolçuları yanvarın 7-də bir araya gələrək, yeni il tətilindən sonra hazırlıq prosesini bərpa edəcəklər.
Bir həftə ərzində klubun təlim-məşq bazasında məşq edəcək komanda yanvar ayının 14-də Antalyaya yollanacaq. "Bakı" qardaş ölkədə 2 həftəlik təlim-məşq toplantısı keçirəcək. Paytaxt klubu gündə 2 dəfə olmaqla taktiki və fiziki təmrinlər üzərində çalışacaq.
Bu müddət ərzində 3 və ya 4 yoldaşlıq oyununun baş tutacağı gözlənilir. Yoxlama oyunlarının tarixləri dəqiqləşdirilir. Mümkün rəqiblərdən biri Almaniyanın "Dinamo" (Drezden) klubu olacaq. Digər potensial sparring rəqiblərlə danışıqlar davam edir.
Təlim-məşq toplantısı dövründə bir neçə yeni futbolçunun düşərgəyə baxışa dəvət olunacağı da nəzərdə tutulur.
