Layihə

PFK idarəçiliyi: nəzəri biliklər fonunda – YAZI

30.04.2016 , 10:45

Müasir dünyada futbol ən populyar və kütləvi idman növlərindən biridir. Sosial fəaliyyətin ən qüdrətli şahələrindən biri kimi futbol durmadan inkişaf edir: bu idman növü ilə məşğul olanların sayı artır, yarışlar sistemi genişlənir, peşəkar ehtiyatın idman hazırlığının sistemi təkmilləşir, yarış fəaliyyətinin xarakteri mürəkkəbləşir.  Bu faktorlar kompleks şəkildə bir sıra problemlər doğurur ki, onların da sırasında ən başlıcaları təlim-məşq və yarış fəaliyyətinin təkmilləşdirilməsidir.
Sözügedən problemlərin köhnəlmiş yanaşma əsasında (təlim-məşq prosesi texnologiyasının təkmilləşməsi) həllinə çalışılması çox az effekt verir. Biz bu yazıda peşəkar futbol klubunun idarə edilməsinin təşkilati strukturunu mürəkkəb çoxtəbəqəli sistem kimi təqdim etmək istərdik. Nəzərə almaq lazımdır ki, ənənəvi idarəetmə üsulları ilə yanaşı, bu sistem özündə sistemli yanaşma, sistemli analiz, əməyin elmi təşkili, məqsədyönlü planlama və modelləşməni ehtiva edir. 

Təəssüflə qeyd etmək lazımdır ki, müasir futbolda peşəkar futbol klubunun idarəetməsinin təşkili strukturunun optimal layihələndirilməsi məsələsi öz əksini lazımi dərəcədə tapmamışdır. Halbuki, PFK tərəfindən rasional və çoxtəbəqəli idarəetmə sisteminin tətbiqi təlim-məşq fəaliyyətini və yarış prosesinin təkmilləşməsinə gətirib çıxara bilər. Nümunə kimi hələ SSRİ dönəmindən yaşlı azarkeşlərin yaxşı tanıdığı, müxtəlif illərdə SSRİ çempionatlarında iştirak etmiş, SSRİ süqut etdikdən sonra isə Ukrayna çempionatında çıxışlarını davam etdirən “Metallurq-Zaporojye” PFK-nın idarəetmə sisteminin təşkilati strukturuna nəzər salmağı məqbul hesab etdik.

İdarəetmə strukturu  və yaxud idarəetmənin təşkilati strukturu, ümumiyyətlə, idarəetmə sisteminin, o cümlədən də peşəkar futbol klubunun idarəetmə sisteminin əsas anlayışlarındandır. Bu anlayış məqsədlər, funksiyalar, idarəetmə prosesi, şəxsi heyətin fəaliyyəti və onlar arasında vəzifə bölgüsü ilə sıx əlaqəlidir. Məhz bu struktur çərçivəsində klubun idarə olunması prosesi həyata keçirilir.
PFK-nın idarə olunmasının təşkilati strukturu dedikdə adətəntəşkilatın vahid orqanizm kimi fəaliyyətini və inkişafını təmin edən və bir-biri ilə dayanıqlı surətdə əlaqəli olan komponentlər nəzərdə tutulur. O, həmçinin idarəetmə fəaliyyətinin bölgüsü və kooperasiyası kimi də dəyərləndirilir.

PFK idarəetməsinin təşkilati strukturunun elementlərinin xüsusiləşdirilməsi üçün iki istiqamət mövcuddur: 

1. Struktur bölmələrin tərkibindən asılı olaraq PFK-nın marketinq və menecment fəaliyyətini, futbolçuların hazırlıq prosesinin elmi-texniki və elmi-metodiki təminatını, onların maddi-texniki təminatını və s. həyata keçirən  idarəetmə  strukturu qrupları ayrılır.
2. PFK-nın idarə olunmasınd ümumi funksiyaların xarakterindən irəli gələrək, planlaşdırma, təşkilatçılıq, təlim-məşq və yarış fəaliyyətinin təşkili, istehsalat və kommersiya fəaliyyətinin yönləndirilməsi, hüquqi müdafiə proseslərinə, ümumi mühafizə, perspektiv inkişafa və s. nəzarəti həyata keçirən orqanlar formalaşdırılır.

İdarəetmə strukturu elementləri arasında münasibətlər  üfüqi və şaquli kimi bölünən əlaqələr müqabilində gerçəkləşir. Birincilər razılaşdırma xarakteri daşıyır və birtəbəqəlidir. İkincilər isə tabeçilik münasibətləridir. Onlara ehtiyac idarəetmə sisteminin iyerarxik quruluşu, yəni müxtəlif idarəetmə təbəqələrinin mövcudluğu zamanı duyulur. İkitəbəqəli struktur zamanı idarəetmənin üst hissələri (Peşəkar Futbol Klubunun administrasiyası) və alt hissələri (şəxsi heyətə bilavasitə rəhbərlik edən menecerlər) yaradılır.
PFK-nın idarəetməsində iştirak edən struktur qurumlar sıx daxili əlaqəyə malikdirlər. İstehsal prosesindəki (təlim-məşq və yarış fəaliyyəti) xətti iyerarxiya idarəetmənin optimal effektivliyini təmin etmir. Buna səbəb isə bir-birinə tabe olmayan müxtəlif səviyyəli idarəçilərin səlahiyyətləri arasında dəqiq sərhədlərin olmamasıdır. Belə olan halda PFK-nın prezidenti rolunun əhəmiyyəti bir tənzimləyici, təlim-məşq və yarış fəaliyyətinə aid operativ proseslərə rəhbərlik edən şəxs kimi artır.

Peşəkar Futbol Klubunun idarə olunması zamanı həyata keçirilən funksiyaları ümumiləşdirilmiş şəkildə aşağıdakı kimi təqdim edə bilərik:

1. İdeoloji və tərbiyəvi funksiya;
2. Monitorinq və marketinq funksiyaları;
3. Təlim və elmi-metodiki təminat funksiyaları;
4. İstehsalat funksiyası (təlim-məşq və yarış fəaliyyəti);
5. Reklam və məlumatlandırma funksiyası;
6. Sosial-iqtisadi və maddi-texniki təminat funksiyası;
7. Hüquqi təminat və hüquqi müdafiə funksiyaları;
8. Koorporativ maraqların mühafizəsi və qorunması funksiyası.

Peşəkar Futbol Klubunun administrasiyasının fəaliyyəti isə 4 əsas istiqamətdə həyata keçirilir:

1. Fəaliyyətin planlaşdırılması;
2. Şəxsi heyətin fəaliyyətinin təşkili;
3. Fəaliyyət sisteminin islahatı və dəqiqləşdirilməsi;
4. Fəaliyyətin qiymətləndirilməsi, modelləşdirilməsi, proqnozlaşdırılması və nəzarəti.

PFK-nın iyerarxik idarəetmə sistemini isə sxematik təqdim etmək daha məqsədə uyğundur. Sxem aşağıdakı kimidir:


 

İdarəetməni ümumiləşdirilmiş formada sistemin nizamlanması kimi səciyyələndirmək mümkündür, yəni onun sözügedən sahədə – peşəkar futbolda mövcud obyektiv reallığa uyğunlaşdırılması. Mürəkkəb dinamik sistemlərin idarə olunmasının əsas tərəflərindən biri də əks-əlaqə prinsipidir. Onun əsasında idarəetmə yalnız o zaman uğur qazana bilər ki, PFK-nın administrasiyası (idarə edən obyekt) klubun struktur bölmələri və xidmətlərinə (idarə olunan obyekt) verdiyi tapşırıqların nə dərəcədə effekt yaratması barədə mütəmadi məlumatlandırılsın. Əks təqdirdə bütün fəaliyyətin, o cümlədən konkret idman nəticələrinin taleyi ciddi təhlükə altına alına bilər.

Peşəkar Futbol Klubunun səmərəli idarəetməsinin təminatı üçün ilk növbədə ön plana konkret vəzifələr və onların əldə olunması üçün zəruri olan pedaqoji, təlim-məşq və yarış fəaliyyəti çıxarılmalıdır. PFK-nın fəaliyyətinin idarə olunmasında məqsəd şəxsi heyətin və idarəetmə prosesinə cəlb olunanların davranışlarının optimallaşması, onların peşəkar bacarıqlarının məqsədyönlü şəkildə artırılmasıdır. Məhz belə olan təqdirdə real nəticələrə ümid bəsləmək mümkündür.

Peşəkar Futbol Klubunun idarə olunması administrasiya tərəfindən həyata keçirilir və 3 qrup əməliyyatları ehtiva edir:

1. PFK-nın bir neçə il ərzində fəaliyyəti barədə məlumatların toplanması: futbolçuların illər ərzində hazırlanması, futbolçuların və komandaların yarış fəaliyyətinin səmərə göstəricisi, təlim-məşq və yarış fəaliyyətinin maddi-texniki təminatı, PFK-nın fəaliyyətinin hüquqi təminatı.
2. Əldə edilən bu informasiyanın faktiki və nəzərdə tutulan parametrlər əsasında müqayisəli analizi, qarşıda qoyulan məqsədlərə – hazırlığın səmərəli sisteminin yaradılması və PFK idmançılarının uğurlu nəticələrinin əldə edilməsi – yetişmək üçün PFK-nın fəaliyyətinin planlaşdırılması.
3. Ehtiyac duyulan plan və proqramların, eləcə də vəsait və metodların tətbiqi ilə PFK-nın qarşısında qoyulan nəticələrə yetişmək üçün qəbul olunan qərarların həyata keçirilməsi.

Hesabat və nəzarət PFK-nın idarə olunması prosesində yekun mərhələdir. Hesabatın əsas xüsusiyyətlərii – təşkilatın fəaliyyət prosesini əks etdirən informasiyanın alınması, işlənməsi, sistemləşdirilməsi və analizidir. Hesabatın əsas məqsədi isə – idarəetmədə optimal qərarların qəbul edilməsi üçün məlumat bazasının yaradılması və toplanmasıdır. İdarəetmənin funksiyası olaraq nəzarət, PFK-nın fəaliyyət prosesinin effektivliyinin müəyyənləşməsi və qiymətləndirilməsi, plan üzrə qarşıya qoyulan tapşırığın və ya məqsədin nə dərəcədə yerinə yetirilməsinin təyini məqsədi ilə tətbiq olunur.  

Peşəkar Futbol Klubunun idarə olunmasının effektivliyinə aşğıda göstərilən faktorlar təsir edir:

1.Administrasiya və şəxsi heyətin təmkinliyi, davranış strukturunun dayanıqlığı. Bu isə öz növbəsində optimal psixoloji ab-hava yaradır, şəxsi heyətə özünəinam hissi aşılayır, perspektiv vəzifələr və məqsədlər formalaşdırmağa imkan verir. PFK rəhbərliyinin davranışının qeyri-sabitliyi şəxsi heyəti daim davranış stereotiplərini dəyişməyə məcbur edir ki, bu da həddindən artıq gərginliyə səbəb olur və ümumi işin effektivliyinin aşağı düşməsinə gətirib çıxarır. 

2. İdarəçilik işinə cəlb edilən fərdlər tabeçiliyində olan işçilərə qarşı adekvat davranmalı və onlara adekvat tapşırıqlar verməli, onların peşəkar və şəxsi keyfiyyətlərini obyektiv qiymətləndirməlidirlər. Əks təqdirdə qarşılıqlı münasibətlərin tərkib hissəsi olan bu məsələdə gərginlik meydana gəlir, qeyri-adekvat və qeyri-obyektiv davranış ümumi işin keyfiyyətini aşağı salır və səmərəsini azaldır. 
3. Rəhbərliyin idarəetmə üslubunun PFK-nın şəxsi heyətinin təşkili səviyyəsinə uyğunluğu. Yüksək şüura və mütəşəkkilliyə malik şəxsi heyət rəhbərlikdə demokratik prinsiplərin tətbiqini daha yaxşı qəbul edir. Və əksinə, şüuru bir o qədər yüksək olmayan, mütəşəkkilliyi ilə seçilməyən kollektiv üçün demokratik prinsiplərə üstünlük verilməsi acınacaqlı nəticələrə gətirib çıxara bilər. Belə olduqda daha çox avtoritar idarəetmə üsullarından yararlanmaq məqsədəuyğundur. 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

Yuxarı