Pedro Enrike: “Yenidən burda oynamaq möhtəşəm olar”
11.11.2019 , 00:41

Premyer Liqanın 11-ci turunda “Qarabağ” – “Zirə” görüşünü (1:1) tribunadan izləyən “Kayserispor”un futbolçusu Pedro Enrike oyundan sonra müsahibə verib.
Korner.az xəbər verir ki, “Qarabağ”ın braziliyalı sabiq futbolçusu Bakıya istirahət üçün gəldiyini deyib:
– Həm istirahət üçün gəldim, həm də Bakıda çoxlu dostlarım var. “Qarabağ” mənim karyeramda xüsusi yeri olan klubdur. Mən bu oğlanlarla gözəl mövsüm keçirmişəm.
– Azarkeşlər hələ də sənin üçün darıxır. Onlar səni komandada görmək istədiklərini səsləndirirdilər.
– Bəli, elədir, bu, xoş oldu. Mən hələ də fanatlarla danışıram. Bəlkə də, bir gün bura qayıtdım. Klub keçmiş futbolçularına qapılarının açıq olduğunu bilirəm.
– Bir gün “Qarabağ”a qayıtmaq istəyərdin?
– Mənim “Kayserispor”la müqaviləm var. Heç nə bilmirəm. Yenidən burda oynamaq möhtəşəm olar. Bu barədə çox danışmaq istəmirəm. Türkiyədə müqaviləm var. Hər şeyi zamanla görəcəyik.
– “Qarabağ”ın oyunlarını izləyirsiniz?
– Bəli. Hər zaman bu klubu izləyirəm və əlaqəm var. APOEL-lə oyuna baxdım. Nəticəyə görə üzüldüm. Yaxşı oyun olsa da, belə alındı. Futbolda bəxtsiz anlar olur. Hələ də şanslar qalıb.
– “Qarabağ”da oynamaq asandır, yoxsa “Kayserispor”da?
– Türkiyədə çempionat çox güclüdür. Super Liqada asan oyun olmur. “Qarabağ” isə keyfiyyət baxımından digər komandalardan üstündür.
– APOEL-ə məğlubiyyətdən sonra “Qarabağ”ın Avropa Liqasındakı şanslarını necə dəyərləndirirsən?
– Mən inanıram və “Qarabağ”ı dəstəkləyirəm. Bunun üçün hələ şanslar var. İnanıram ki, “Qarabağ” bunu bacarar.
– “Qarabağ”dan niyə getdin? Klub səni saxlamaq istəmədi, yoxsa burda qalmaq fikrində deyildin?
– Elə situasiya idi ki, mən PAOK-a məxsus idim. PAOK-da müəyyən problemlər var idi, ona görə də “Astana”ya keçdim. Orada mənim problemlərim yaşanmışdı. Futbolda olan şeylərdir. PAOK məni “Astana”ya göndərmək istədi.
