Voleybol

Paytaxt təmsilçisinin baş məşqçisinin adına aydınlıq gəldi

14.03.2015 , 11:38

Bakının “Azəryol” voleybol klubunun yeni baş məşqçisinin adı bəlli olub.


Korner.az-ın məlumatına görə, komandaya kanadalı Ceyson Haldan rəhbərlik edəcək.

 

Baş məşqçi Jeremi Estesin sağlamlığı ilə bağlı yaranan problem üzündən postunu tərk etməsindən sonra klub rəhbərliyi yeni çalışdırıcı gətirməyə ehtiyac duymayıb. “Azəryol” rəhbərliyi bunadək amerikalının köməkçisi olan Haldana etimad göstərməyi məqsədəuyğun sayıb. Paytaxt təmsilçisi mövsümün sonunadək komandaya yaxşı bələd olan çalışdırıcıya tapşırılıb.

 

Daha çox voleybolçu kimi tanınan kanadalı millisinin heyətində 300-dən artıq oyuna çıxıb. London Olimpiadasının iştirakçısı olan, Belçika, İtaliya, Yunanıstan, Fransa və Rusiya kimi ölkələrin aparıcı klublarında forma geyinmiş 44 yaşlı məşqçi gənclər yığmamızda da fəaliyyətini davam etdirir.

 

Artıq Haldana kömək edəcək mütəxəssisin də adı məlumdu. Belə ki, “Azəryol”da məşqçi funksiyasını 29 yaşlı Aleksey Korolyov yerinə yetirəcək.

 

Əvvəllər Rusiyanın kişilərdən ibarət “Nefteximik”, “Qazprom-Yuqra”, “Yaroslaviç” və “Fakel” klublarında işləmiş mütəxəssis 2008-11-ci illərdə bu ölkənin gənclər yığmasının məşqçisi olub. Yığma ilə Avropa çempionatlarının iki gümüş medalını qazanan Korolyov 2011-14-cü illərdə Rusiyanın qadınlardan ibarət millisində seleksiyaçı məşqçi kimi fəaliyyət göstərib. Haldanın köməkçisi təyin olunanadək son iş yeri elə “Azəryol”da olan rusiyalı klubun gənclər komandalarında çalışıb.

 

Qeyd edək ki, bu postdakı debütündən sonra Haldan Azərbaycan Super Liqası tarixinə ilk kanadalı baş məşqçi kimi düşəcək.

Son yazılar

Yuxarı