Premyer Liqanın final mərhələsində sabah "Xəzər Lənkəran” ilə üz-üzə gələcək "Rəvan" bu gün səhər məşqi ilə oyuna hazırlığını başa vurub.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, kubok matçından sonra cümə günü istirahət edən futbolçular şənbə günündən hazırlıqlara başlayıb. İlk məşqdə Lənkərandakı matçda əsas heyətdə yer alanlar bərpa məşqi ilə kifayətlənibsə, qalanları tam yüklənmə ilə hazırlaşıb.
Bazar günü və bu gün baş tutan məşqlərdə isə bütün komanda tam hazırlıqda iştirak edib. "Bayıl Arena”da baş tutan məşqlərdə futbolçular iki saat yaxın müddətdə verilən tapşırıqları yerinə yetirib, çatışmayan cəhətlər üzərində işləyiblər.
"Xəzər Lənkəran”la kubok görüşünü zədə səbəbi ilə buraxan Samuel Barlay sıraya dönüb. "Qarabağ”la oyunda qırmızı vərəqə göstərdiyi Miloş Adamoviçin cəzası başa çatıb. Bu isə o deməkdi ki, "Xəzər Lənkəran”la çempionat oyununa komanda itkisiz çıxacaq.