“Atletiko” hər yerdə uğur qazanmağa can atır. İspaniya çempionatı, kubok, Avropa Liqası olmasından asılı olmayaraq”
Bu sözləri İspaniyanın “As” nəşrinin əməkdaşı Patrisiya Kason deyib.
Qəzetin “Atletiko” üzrə müxbiri olan xanım jurnalist Madrid klubunun çıxışı, baş məşqçi Dieqo Simeonenin işi haqda ətraflı müsahibə verib.
Patrisiya komandanın hədəflərindən danışarkən yeganə üzücü məqamın “Qarabağ”la bağlı olduğunu gizlətməyib. Çempionlar Liqasının qrupundakı 2 görüşdə Azərbaycan çempionunu uda bilməməyi “Atletiko” üçün itirilən 4 xal və qitənin ən nüfuzlu klub turnirinə vida bahasına başa gəlib: “Bu komandanın yalnız bir təəssüfü var – “Qarabağ”. Mən Dieqo Simeone və onun işinə heyranam. Əgər futbolçu olsaydım, bu mütəxəssisin mənə məşqçilik etməsini istəyərdim. O, hər insanda ən yaxşı olanı üzə çıxarmaq qabiliyyətinə malikdi. Bu da bir sehr, möcüzədi. Onun məşq prosesi futbola hədiyyədi. Simeonenin düşüncəsi, təhlilinə söz ola bilməz. Onun xidmətləri danılmazdı. Kim belə baş məşqçi üçün meydanda ölməz ki? Mən bunu gözüyumulu edərəm”.
