“Birinci hissədə 3-4 qol epizodu yaratdıq. Amma istifadə edə bilmədik. AZAL-da isə epizod olmadı. Futbolda isə belə bir qanun var – qol vurmasan, qol buraxacaqsan”.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Premyer Liqanın 30-cu turunda AZAL-la bərabərə qaldıqları oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.
A.Məmmədov komandasının qarşıdakı oyunlarda qələbə qazanmasını istədiyini bildirib: “Mənə elə gəlir ki, özüm çıxıb oynamasam, qalib gəlməyəcəyik. Bu gün uduza da bilərdik. Başqa nə deyim? “Sumqayıt” komandasına gələn oyunlarda uğurlar arzu edirəm.
Sumqayıt şəhərində bəlkə də məndən çox komandanın qələbəsini istəyən yoxdur. Şəxsən mən istəyərdim ki, bu gün bir nəfər gəlsin bizi bu vəziyyətdən çıxarsın. Mənim indi belə bir halım yoxdur. “Sumqayıt” mənim üçün təkcə futbol komandası deyil. Sumqayıtda böyümüşəm, futbola başlamışam. Komandanın qələbə qazanmasını istəyirəm”.
