Ozobiçin son durumu açıqlandı
31.10.2022 , 19:39

“Qarabağ”ın zədəli futbolçusu Filip Ozobiçin son durumu məlum olub.
Korner.az xəbər verir ki, Premyer Liqanın XII turunun “Şamaxı” ilə səfər matçının (4:0) ilk hissəsində xəsarət alan oyunçu bu gün MRT müayinəsindən keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçinin diz yan bağlarında dartınma aşkarlanıb.
Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç, 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun “Frayburq” ilə matçda oynayıb-oynamayacağı daha sonra bəlli olacaq.
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin VI turunda noyabrın 3-də Bakıda “Frayburq”la üz-üzə gələcək.
