Ozobiç: “Qol vurmaq istəyirdim”
31.08.2018 , 00:22

“Qarabağ”ın futbolçusu Filip Ozobiç Avropa Liqasının pley-off mərhələsində Moldova “Şerif”inə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra müshaibə verib.
Oyunda son qolun müəllifi olan xorvatiyalı yarımmüdafiəçi öncə oyun barədə danışıb:
– Hesab edirəm ki, iki oyuna görə, biz daha məzmunlu futbol sərgilədik və daha çox layiq olan qalib gəldi. Çox sevinirəm ki, Avropa Liqasının qrupunda oynayacağıq.
– Öz oyunun barədə nə düşünürsən. Fərqlənəcəyini düşünürdün?
– Əlbəttə, qol vurmaq istəyirdim. Sevinirəm ki, fərqlənməyi bacardım. İnanıram ki, qarşıdakı matçlarda da qol vurmağı bacaracam.
– Bu gün oyuna sanki xüsusi motivasiya ilə çıxmışdınız. Bu, bizə elə gəlirdi, yoxsa..?
– Oyunun əhəmiyyəti çox böyük idi. Tərəzidə Avropa Liqasının qrupu dayanmışdı. Zənnimcə, bu axşam yaxşı oynadıq.
– Rəqib düşərgədə həmyerlilərin – baş məşqçi və bir futbolçu xorvatiyalı idi. Oyundan sonra onların əlini sıxarkən tərəddüd etmirdin?
– Xeyr. Axı, bu, futboldur və hər kəs öz komandasının uğuru üçün çalışır. Bu gün “Qarabağ” qələbəyə daha layiq idi. Yeri gəlmişkən, məni qələbə münasibəti ilə təbrik etdilər və qrup mərhələsində uğurlar arzuladılar.
– Sabah qrup mərhələsinin püşkatmasıdı. Yenidən BATE-ylə qarşılaşmaq istərdinmi?
– Deyə bilmərəm, kimlərlə qarşılaşacağıq. Ancaq onlarla düşsək, kimin daha yaxşı olduğunu göstərməyə çalışacağıq.
– İki dəfə “Qəbələ”nin heyətində Avropa Liqasının qrupunda oynamısan. İndi isə “Qarabağ”la eyni həyəcanı yaşayacaqsan. Hansı komanda ilə oynamaq sənə daha maraqlı gəlir?
– Mən “Qarabağ”ın futbolçusuyam və ən yaxşı oyunumu nümayiş etdirmək istəyirəm. Ümid edirəm ki, çoxlu xal toplayacağıq.
