Osimhendən sərt açıqlama: “Napoli”də mənə it kimi davrandılar”
17.02.2026 , 20:50
“Qalatasaray”ın hücumçusu Viktor Osimhen “Napoli” ilə yollarını ayırmasının səbəblərini açıqlayıb.
Korner.az xəbər verir ki, nigeriyalı forvard rəhbərliyin verdiyi bəzi sözləri yerinə yetirmədiyini və bu səbəbdən münasibətlərin gərginləşdiyini vurğulayıb:
“Belə alınmasına görə təəssüflənirəm. Xüsusilə azarkeşlər üçün üzgünəm, çünki klub rəhbərliyi onlara heç bir izahat vermədi. Bəziləri hətta evimə gəlib nə baş verdiyini soruşurdu. ‘TikTok’-da yayılan video aramızda böyük gərginlik yaratdı. Hər kəs səhv edə bilər, penalti qaçıra bilər, amma bu, futbolçuya lağ etmək üçün səbəb deyil. Mənə qarşı irqçi təhqirlər səsləndirilirdi, halbuki rəhbərlik buna qarşı söz vermişdi. Ayrılmaq istədiyimi açıqladıqdan sonra isə mənə ‘it kimi’ davranmağa başladılar”.
Osimhenin bu sözləri İtaliya mediasında geniş rezonans doğurub və onun “Napoli” ilə münasibətlərindəki gərginlik gündəmə səbəb olub.