Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Qarabağ” “Zirə”ni öz
meydanında 2-0 hesabı ilə məğlub edib.
Korner.az-ın məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov
oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını
cavablandırıb:
– Çox vacib qələbə qazandıq.
Çatışmazlıqlarımız var idi. Bunları normal qəbul edirdim. Optimal formamızdan
uzağıq. Amma futbolçular topla yaxşı davranırdı. “Zirə” düzgün müdafiə
olunurdu. Amma düşündüyümüz kimi alındı. 2
vacib qolla qalib gəldik.
– Reynaldo komandadan
ayrıldı. Dani Kintana da zədələndi.
Çempionluq yolunda bunun sizə necə təsiri olacaq?
Belə oyunçunu itirmək o qədər də
yaxşı hal deyil. Amma, bu futboldur. Hər bir oyunçunun başına gələ bilər. Digər
futbolçularıma güvənirəm. Düşünürəm ki, oyunu hiss etməkdə çətinlik çəkməyəcəyik.
– Növbəti turda “Kəpəz”lə
qarşılaşacaqsız. Gəncə stadionunun ot örtüyü bərbaddır. Bununla bağlı hər hansı
bir təklifiniz olarmı?
Bununla barışacağıq. Belə bir təklif
etməyimiz düzgün çıxmazdı. Çalışacağıq ki, oyunumuzu oynayaq və qalib gələk.
– AZAL-la və “Neftçi” ilə oyunda
hakim səhvləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Sizcə, bunları
“Qarabağ”ı gözdən salmaq üçünmü edirlər?
Düşünmürəm ki, Azərbaycanda kimsə
“Qarabağ”ı gözdən salsın. Mən həmişə çalışıram ki, komandada düzgün çalışım. Hər
kəs öz fikrini deyə bilər ki, hakim səhvi oldu və s. Belə açıqlamalara fikir
vermirəm.
– Rəşad Sadıqovun durumu nə yerdədir?
Rəşadın 15 illik futbol təcrübəsi
var. Düşünürəm ki, o, 3-4 ay oynamasa belə, praktika tərəfdən problemi
olmayacaq və istənilən vaxt çıxıb, oynaya bilər.
– “Qəbələ” ilə oyun “Qarabağ” üçün
həlledici sayıla bilərmi?
Belə olacağını düşünmürəm.
Xallar da itirə bilərik. “Qəbələ”yə məğlubiyyət və ya heç-heçə bizim üçün heç
bir çətinlik yarada bilməz. Qarşıdan hələ çoxlu oyunlar var. Düşünürəm ki, bu
marafon son turadək davam edəcək.
