Layihə

Olimpiadanın “hind nağılı”: Məğlubedilməzlər Fişerin həmvətənlərinə qarşı – YAZI

09.09.2016 , 06:46

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 6 tur geridə qalıb. Şahmatçılar bu gün 7-ci oyun günündə mübarizə aparacaq.

Olimpiadada 6 turdan sonra vahid lider Hindistan komandasıdı. Ölkənin əsas şahmatçısı Vişvanatan Anandın yoxluğunda komanda inanılmaz təsir bağışlayır. Xal itirməyən yarımada təmsilçiləri Azərbaycanın əsas və ikinci komandaları ilə qarşılaşıb. Hindistanlılar hər iki görüşdən qalib ayrılıb. Turnirin vahid liderləri bu gün həlledici görüşlərinə çıxır. Rəqib onları addım-addım izləyən ABŞ parlaq zəkalarıdı. Bu görüşdən qalib ayrılan komanda olimpiada taleyini böyükölçüdə həll edəcək

Hindistan komandası olimpiadaya 5 şahmatçı ilə gəlib. Birinci lövhədə Harikrişna mübarizə aparır. O, 6 tur ərzində cəmi iki gün istirahət edib. Qalan oyunlarında isə məğlubiyyəti yoxdu – 3 heç-heçə, 1 qələbə. Harikrişna iki dəfə azərbaycanlı şahmatçı ilə üz-üzə gəlib və heç birinə uduzmayıb. İkinci komandamızın birinci lövhəsi Vasif Durarbəyli ilə qarşılaşan hindistanlı şahmatçı bu oyunda xalları yarı bölüb, əsas komandamızın üzvü Şəhriyar Məmmədyarovu isə məğlub edib. Maraqlıdı ki, Harikrişnanın hələki yeganə qalibiyyəti Şəhriyar üzərindədi. O, kubalı Dominqez Perezlə və hollandiyalı Giri Anişlə oyunda xalları yarı bölüb. Beləliklə komanda hesabına 2.5 xal yaza bilib. Harikrişna bu gün Karuano Fabiano ilə qarşılaşacaq.

Komandanın ikinci üzvü Adhiban 6 turdan sonra hələ istirahət etməyib. Onun 4 qələbəsi və iki heç-heçə ilə bitən maraqlı və gərgin mübarizəli şahmat partiyaları var. Bütün oyun günündə oynayan Adhiban da azərbaycanlı şahmatçılara uduzmayıb. İkinci komandamızda Abbasov Nicatı təslim edən şahmatçı Teymur Rəcəbovla heç-heçə oynayıb. Kubadan olan Bruzon Batista Lazaro ilə də xalları yarı bölən Adhiban qalan bütün görüşlərində qələbə qazanıb. O, komanda hesabına 5 xal yaza bilib. Bugünki rəqibi aktiv şahmatda dünyanın ən güclülərindən olan Hikaru Nakamuro ilə qarşılaşacaq.

Vidit Santoş Guyrati yalnız Hollandiya ilə oyunda xal itirdi. Van Vely Loeklə qarşılaşmada xalları yarı bölən Ülvi Bacarani və Arkadi Naydiçi də məğlub edən Vidit buna qədər heç bir oyunda xal itirməmişdi. Komanda hesabına 5.5 xal qazandıran şahmatçı bu gün So Uesley ilə qarşılaşacaq.

Komandanın dördüncü lövhəsi Saturaman Qədir Hüseynov və Eltac Səfərli ilə xalları yarı bölüb. Kuba və Hollandiyadan olan rəqibləri ilə də sülh bağlayan şahmatçı yalnız Boliviyadan olan Delqadino Adolay və kosta-rikalı Valdes Romero Leonardonu məğlub edib. Saturaman komandasına 6 turdan sonra 4 xal qazandırıb.

Hindistanın Bakıya gətirdiyi sonuncu – beşinci şahmatçı Murali Kartikeyan ilk iki turda Boliviya və Kostar-Rika komandalarına qarşı oynayıb və hər iki görüşdə qalib gəlib.

Hindistan komanda olaraq Boliviya və Kosta-Rikanı 4:0, Azərbaycanın ikinci komandasını 3:1, Kubanı 2.5:1.5 hesabı ilə məğlub edib. Azərbaycanın əsas komandasını da 3:1 hesabı ilə üstələyən hindistanlılar Hollandiyadan olan zəka sahibləri ilə görüşdən 2.5:1.5 hesablı qalibiyyətlə ayrılıb.

Hələ xal itirməyən Hindistan komandası bugünki görüşdə də qalib gələrsə, böyük ehtimalla olimpia medalını təmin edəcək. Komandanın qarşısına 6 tur ərzində iki ciddi rəqib – Azərbaycan və Hollandiya çıxıb. Yarımada təmsilçilərin hər iki görüşdən qalib ayrılıb.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

Yuxarı