“Kukesi”dən ayrılan Rauf Əliyevin klubsuz günləri davam edir. Onun adı sabiq komandası “Keşlə” ilə çəkilsə də, bu məsələ də hələ həllini tapmayıb.
Futbolçunun alternativləri də çox deyil. Mövsüm ərzində 3-cü kluba keçə bilməyəcəyi üçün o, ya “Keşlə”yə qayıtmalı, ya da çempionatı yaz-payız sistemi ilə keçirilən ölkəyə üz tutmalıdı.
Deyilənə görə, dünən futbolçu Bakı klubunun Müşahidə Şurasının sədri Zaur Axundovla görüşüb, ancaq tərəflər ortaq məxrəcə gələ bilməyiblər.
Əliyev “FutbolPress”ə açıqlamasında karyerasında son vəziyyətlə bağlı bunları dedi:
“Hələ ki, hər hansı bir yenilik yoxdu. Nə “Keşlə”yə qayıtmaq, nə də ölkə xaricinə getməklə bağlı. Zaur Axundovla görüşümüz olmayıb. Ümumiyyətlə, mən heç kimlə görüşməmişəm. “Keşlə” ilə hər hansı razılığa gəlməmişik. Bilmirəm nə olacaq. Bəlkə də ora qayıtdım. Necə ayrılmağımın fərqi yoxdu. Ciddi bir şey baş verməmişdi.
Ölkə xaricində konkret variantın olduğunu da deyə bilmərəm. Hələlik axtarışlar davam edir. Artıq yanvarın 10-du. Bəlkə də gecikirəm. Belə getsə, ola bilər 4-5 ay futbolsuz qaldım. Hər şey mümkündü”.
Xatırladaq ki, Əliyev yayda “Keşlə”dən “Kukesi”yə keçəndə Bakı klubu ilə ciddi problem yaşamışdı. Paytaxt təmsilçisi onu buraxmamaqda, Rauf isə getməkdə israrlı olmuşdu.
