Okan Buruk: “Taktiki qərarlar qələbəni gətirdi”
06.11.2025 , 13:32
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının 4-cü turunda səfərdə “Ayaks” üzərində qazanılan 3:0 hesablı qələbəni dəyərləndirib.
Korner.az xəbər verir ki, təcrübəli mütəxəssis matçın ardından açıqlamasında komandasının çıxışını yüksək qiymətləndirib.
“Bu gün meydanda istədiyimiz futbolu göstərdik və çox dəyərli üç xal qazandıq. İlk hissədə topa yaxşı nəzarət etdik. Viktor Osimhen bir neçə dəfə təhlükəli vəziyyət yaratdı. Əgər o imkanlardan biri qolla nəticələnsəydi, oyun daha tez həll oluna bilərdi”, – Buruk bildirib.
Məşqçi görüş zamanı etdiyi taktiki düzəlişlərdən də danışıb:
“Barış Yılmazı daha mərkəzi zonaya yönləndirdikdən sonra hücumlarımız daha kəsərli oldu. Bu dəyişiklik oyunun axarını xeyrimizə dəyişdi və qollar ard-arda gəldi. Müdafiədə də oyunçularım çox diqqətli idi və rəqibə demək olar ki, şans vermədilər”.
Qeyd edək ki, hazırda “Qalatasaray” turnir cədvəlində 9 xalla 9-cu pillədə qərarlaşıb.