Ölkə futbolu

“O, özünü daim ehtiyatda oturmağa öyrəşdirib” – Samir Abasov

30.09.2018 , 23:17

“Danışmaq çətindir. Oyunumuz alınmadı, çox pis mübarizə apardıq”. Bu sözləri “Zirə”nin baş məşqçisi Samir Abasov deyib.

Qəsəbə təmsilçisi Topaz Premyer Liqasının VI turunda səfərdə “Sumqayıt”a məğlub olub.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Təzyiq altındayıq, məğlub olduqdan sonra vəziyyətimiz daha da pis olur. Bizə bir qələbə lazımdır, ancaq bunu qazanmaq üçün vaxta ehtiyacımız var. Komandamızın gələcəyi var, rəhbərliyimiz bizə dəstək olur. Komandaya yaxın olan adamları, azarkeşləri başa düşürəm. İnşallah, yaxşı vəziyyətə gələcəyik. Bəzi oyunçularımız çətinlik çəkirlər. İndiki vaxtda radikal addım atmaq düzgün deyil. Qışa qədər səbr etməli, sonra fikirləşməliyik”.

– Bəzi məşqçilər legioner axtarır. Ancaq sizin legionerlərinizin çox hissəsi ehtiyatda oturmuşdu. Bunun səbəbi nədir?

– Futbolçular oyunda nəyə qadir olduğunu göstərməlidir. Dedovdan narazı idim, buna görə ehtiyatda idi. Bu gün Mirsahibə şans verdik, yoxladıq. Mirsahib özünü daim ehtiyatda qalmağa öyrəşdirib. Ondan çox şey gözləyirdik, lakin istədiyimizi əldə edə bilmədik.

– 46-cı dəqiqədə əvəzetmə limitinizi başa vurdunuz. Qapıçı Anar Nəzirov zədə alsaydı, onu kiminlə əvəz edəcəkdiniz?

– Bir nəfəri tapıb qapıya qoyacaqdıq. Vüqar Mustafayevin zədələnməsi planlarımızı pozdu.

– Komanda hücuma çıxmaqda çətinlik çəkir. Oyun qurucusunun olmaması fikri ilə razısınız?

– Bəli, oyun qurucumuz azdır. Açığı, oyunçu axtarışındayıq, danışıq aparırıq. Bu mövqe ümumiyyətlə, Azərbaycan futbolunun problemidir.

Son yazılar

Yuxarı