“Nyu-York Kosmos” Ansi Aqollini təqdim etdi
26.03.2019 , 10:41

“Nyu-York Kosmos” klubu “Qarabağ”ın futbolçusu Ansi Aqollini transfer etdiyini rəsmən açıqlayıb.
36 yaşlı müdafiəçi ictimaiyyətə təqdim edilib. Albaniyalı futbolçunun müqavilə detalları barədə məlumat verilməyib.
Ötən həftə komandaya qoşulan Aqolli fikirlərini bölüşüb: “Özümü çox rahat hiss edirəm. Paltardəyişmə otağında bir ailə kimiyik. Çox həyəcanlıyam və oyunları səbirsizliklə gözləyirəm. Komanda ilə nəticələr qazanmaq istəyirəm. Albaniyada Amerika futbolundan danışsaz, ağıla öncə “Kosmos” gəlir. Bu klubun ənənələrini bilirəm. Komandaya kömək etmək və həmin ənənələri qorumaq üçün mümkün olan hər şeyi edəcəyəm”.
“Kosmos”un vitse-prezidenti Co Baron da transferlə bağlı fikirlərini bildirib: “Bu mövsüm Ansinin komandamızda olması bizi çox həyəcanlandırır. Oyunlarda təcrübəsiylə sözünü deyəcək. Meydanda tək bacarığı ilə deyil, gənc futbolçularımıza da örnək olmaqla böyük işlər görəcək”.
Komandanın baş məşqçisi Karlos Mendes Aqollinin yüksək səviyyədə olduğunu qeyd edib: “Bir neçə gündür ki, bizimlə məşqlərdə iştirak edir. Onun necə səviyyədə olması açıq-aşkar göründü. Bu mövsüm azarkeşlər Aqollini izləməkdən həzz alacaqlar. Komandada ən çox çalışan futbolçulardan biridir”.
Qeyd edək ki, Ansi Aqolli 2010-2019-cu illərdə “Qarabağ”da çıxış edib.
