FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilmiş təntənəli püşkatma mərasimindən sonra dünya ali futbol qurumu tərəfindən turnirin Yerli Təşkilat Komitəsinə təqdim olunub. Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəsmi Kubok bir müddət Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın (AFFA) inzibati binasında sərgilənəndən sonra avqustun 6-da Kubok Sponsor Turuna başlayıb. Sponsor Turu zamanı Rəsmi Kubok çempionatın milli dəstəkçiləri olan SOCAR, Xalq Bank, Bakcell və Paşa Sığorta şirkətlərinin ofislərində yerləşdirilmiş və beləliklə, geniş ictimaiyyətə təqdim olunmuşdu.
Avqustun 20-də Rəsmi Kubok ölkə Kubok Turuna başlayıb. Kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkərandan başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə Bakıya qayıdacaq. Avqustun 20-də Lənkəranda, 24-də Gəncədə dünya çempionatının Rəsmi Kubok Turunun təbliği məqsədi ilə möhtəşəm konsert proqramı təqdim olunub.
Kuboku qarşılayan növbəti şəhər Sumqayıt olacaq. Bununla əlaqədar şəhərin Yaşıl teatrında bu gün saat 20:00-da möhtəşəm konsert proqramı keçiriləcək.
