big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Nizami Sadıqov: “Özümə söz vermişdim ki, onu harada tutsam, “qıracam”

09.09.2016 , 11:29

“CƏFƏR” LƏQƏBLİ VETERAN FUTBOLÇU İLƏ KEÇMİŞƏ SƏYAHƏT

Hər dəfə Tovuza gedərkən, yolumu şəhər stadionundan salıram. Yaşda məndən böyüklərlə görüşmək üçün ən münasib yer bir vaxtlar top qovduğum Tovuz şəhər stadionudur. Tovuz futbolunun tarixini özündə əks etdirən, “Turan”ın  çempionluğuna, 1-ci dəstəyə yuvarlanmasına şahidlik edən, “qrad” mərmiləri “yeyən”… çətinliklərə rəğmən heç vaxt futbolsuz qalmayan stadion. Bu stadion onlarla istedadlı futbolçu yetişdirib, onların ilk dəfə peşəkar səviyyədə futbol oynadığı ilk məkan olub. Həmin futbolçulardan biri tovuzluların “Cəfər” kimi tanıdığı qapıçı, veteran futbolçumuzdur. 1964-cü il noyabrın 15-də Tovuz rayonunun Albəyli kəndində anadan olan Nizami Vəli oğlu Sadıqov təkcə Azərbaycan futbolunda iz qoymayıb. O, həm də 2 göstərici ilə adını dünya futboluna yazdıra bilib. Bu haqda bir qədər sonra.

Hər dəfə Tovuza gedərkən 2 futbolçu ilə mütləq görüşüb, hal-əhval tutmuşam. Onlardan biri rəhmətik Sakit Alıyev idi. Digəri isə “Cəfər”dir. Başqa sözlə, “Mən futbolçu olanda” rubrikasının bu dəfəki qonağı. Nizami Sadıqovla müsahibə götürmək üçün 1993-cü ildə onunla tanış olduğum məkanı, bayaq haqqında bəhs etdiyim Tovuz şəhər stadionununu seçdik. Çox mətləblərdən danışdıq – futbola gəlişindən, futbolçu və məşqçi karyerasından, “Turan”ın yaranmasından, komandanın çempionluğundan və s. Adı futbol tarixinə düşən “Cəfər” maraqlı müsahib oldu, söhbətimiz “şirin” alındı.

“Dedi ki, bala, futbolçu olmaq istəyirsənsə, əlcəyi götür”

– Uşaq vaxtı hərəyə bir ləqəb qoşurdular. Məni də tay-tuşlarım “Cəfər” deyə çağırırdılar. Yadımda deyil, “Cəfər” adını nə vaxt, kim verib mənə. Heç vaxt bu adla çağırılmağıma etiraz etməmişəm… Bozalqanlı kənd orta məktəbində orta təhsil almışam. Məktəbin stadionunda rəhmətlik Təvəkkül Hüseynov məşq keçirdi. Mən də baxıb həvəsləndim. 1974 ya 1975-ci il olardı. Təvəkkül müəllimin qrupuna yazıldım. Bir müddət onun yanında məşq keçdim. Təvəkkül müəllim dünyasını dəyişdikdən sonra Tovuz rayon Uşaq Gənclər İdman Məktəbinə keçdim. Məşqçimiz Vilayət Məmmədov idi. Vilayət müəllim həm UGİM-də məşqçilik edirdi, həm də Puşkin adına orta məktəbdə müəllim işləyirdi. Məşqləri həmin məktəbin stadionunda olurdu. Bir müddət də orada məşq keçdikdən sonra Tovuzun “Məhsul” komandasına cəlb edildim. 16 yaşım var idi. “Məhsul”un qapıçıları Əli Əhmədov və Nəriman Məmmədov idi. Komandaya keçdikdən 6 ay sonra Azərbaycan çempionatında oynamağa başladım, yaşıdlarımdan ibarət respublikanın yığma komandasına cəlb edildim.

– Nəyə görə qapıçılıq?

– Futbola təzə yazılanda hücumda oynayırdım. Qapıçımız Vidadi Tağıyev idi. Hazırda “Turan”da oynayan Akifin atası. Vidadidən başqa bir qapıçımız da var idi. Hər ikisi xəstələnmişdi. Bozalqanlı məktəbi ilə Puşkin məktəbinin komandaları arasında oyuna buraxmağa qapıçı yox idi. Uşaqların arasında boylu-buxunlu mən idim deyə, qapıda dayanmaq istədim. Təvəkkül müəllim etiraz etmədi. 2:0 hesabı ilə qalib gəldik. Ertəsi gün məşqə gələndə Təvəkkül müəllim mənə əlcək verdi. Bu nədi? Axı, mən hücumçuyam. Dedi ki, bala, futbolçu olmaq istəyirsənsə, əlcəyi götür, ya qapıçı olacaqsan, ya da məşqlərə gəlmə. Elə o vaxtdan qapıçılığa başladım. Bəlkə də hücumçu olsaydım, böyük futbol oynamazdım. Qapıçı, futbolçu olmağımın səbəbkarı Təvəkkül müəllim olub.

– Peşman deyilsiniz ki?

– Qətiyyən! Futbolda istədiklərimin çoxunu qapıçılıqla qazanmışam.

– “Məhsul”da ilk oyununuz yadınızdadır?

– Qazaxda “Damcılı”ya qarşı oynamışam. Qazaxla Tovuz komandalarının oyunları derbi sayılırdı, həmişə gərginliyi ilə seçilirdi. Özü də “Damcılı” çox güclü komanda idi, heyətində istedadlı futbolçular çoxuydu. Həmin heyət 1-2 il sonra SSRİ çempionatının 2-ci dəstəsində çıxış etdi, komanda “Göyəzən” adlandırıldı. İlk oyunumda “Damcılı”ya 1:0 hesabı ilə qalib gəldik. Bir neçə epizodda komandamızı qoldan xilas etdim. Heyətin ən yaxşılarından biri seçilmişdim. Elə həmin oyundan sonra yığma komandaya çağırıldım.  

“Sakit rəhmətə gedənə kimi dost olmuşuq”

1983-cü ildə 18 yaşı tamam olan Nizami Sadıqov hərbi xidmətə çağırılıb. Əsgərliyi Uşaq Şərqdə – Komsomolsk-na-Amure şəhərində çəkib. Sibirin soyuğu Nizami Sadıqovu futboldan uzaq salmayıb. Doğrudur, peşəkar səviyyədə oynamayıb. Amma vilayətlərarası yarışlarda iştirak edib. Qəsəbə komandaları Nizami Sadıqovu hərbi hissədən “icarə”yə götürüb oyunlara apararmış. Hərbi xidməti başa vurduqdan sonra 1985-ci ildə yenidən “Məhsul”a qayıdıb və həmin il komanda respublika birinciliyinə vəsiqə qazanıb. Amma Sadıqov “Məhsul”da qalmayıb, Ukraynaya yollanıb və bir neçə il orada futbol oynayıb. Onun Ukrayna karyerası da, qapıçılığı seçməsi kimi təsadüf idi.

– 1986-cı ildə ali təhsil almaq məqsədilə Donetskə getmişdim. Sənədlərimi instituta verdikdən sonra yoldaşlardan biri təklif etdi ki, gedək stadiona, yaxşı oyun var. 2-ci dəstədə çıxış edən Ukrayna komandaları qarşılaşırdı. Oyun gedə-gedə düşündüm ki, bu komandada oynaya bilərəm. Matç başa çatdıqdan sonra komandanın baş məşqçisinə yaxınlaşdım, istəyimi ona bildirdim. Bir qədər sorğu-sual etdi, haralısan, hansı komandalarda oynamısan? “Məhsul”da, “Kəpəz”də, yığma komandada oynadığımı bildirdim. “Kəpəz” demişkən, hələ əsgərliyə getməmişdən əvvəl yığma komandanın baş məşqçisi Anatoli Pivnenko məni “Kəpəz”ə aparmışdı, bir neçə oyunda qapıda dayanmışdım. O vaxt “Kəpəz” “Tərəqqi” adlanırdı. Nə isə, ukraynalı məşqçi məni yoxlamağa razı oldu. İlk məşqdən sonraca sənədlərimi istədi. 1-2 günə sənədləri qaydasına salıb komandaya qoşuldum. Beləcə, 1991-ci ilə kimi Jdanovun “Novator” komandasında oynadım. Jdanovun adı dəyişib, indi Mariupoldu. Komanda isə “İliçevets” adlandırılıb. Hazırda Ukraynanın 1-ci dəstəsində çıxış edir.

– İnstitut yaddan çıxdı, daxil ola bildiniz?

– Sənədlərimi Donetsk Metallurgiya İnstitutuna vermişdim. Qəbul olmuşdum. Lakin oranı yarımçıq tərk etdim. Daha sonra Kiyev Dövlət Universitetinin tarix fakultəsinə daxil oldum. SSRİ dağılandan sonra oranı da yarımçıq qoydum. Azərbaycanda ali təhsil almaq fikrim var idi. Futbol, sonra da məşqçilik başımı qatdı. UEFA-nın Bədən Tərbiyəsi İnstitutunun diplomunu qəbul etməməsi məni lap həvəsdən saldı. Oxumaq deyəndə, kateqoriya almışam. Bu da bir diplomdu, UEFA-nın verdiyi diplom.

– Bəs, Azərbaycana qayıtmağının səbəbi nə idi?

– 1992-ci ildə respublikada vəziyyət yaxşı deyildi. Tovuzda da o cümlədən. Məcbur olub qayıtdım. Düzü, yenidən Ukraynaya getmək fikrim var idi. Amma həmin ərəfədə “Turan” yaradıldı. Dəvət gəldi, mən də isti qarşıladım. Hər halda doğma rayonumun komandasında oynamaq daha yaxşı olardı.

– “Turan”ın yaranması yadında necə qalıb?

– Vidadi Əhmədov, rəhmətlik Sakit Alıyev və bir neçə nəfər evimizə gəldilər ki, səninlə söhbətimiz var. Fikirlərini dedilər, “Turan”ı yaratmaq istədiklərini bildirdilər. Onların fikrini çox bəyəndim və “Turan”da oynamağa razılıq verdim. Beləcə, Tovuzda qaldım. Komanda yeni təşkil olunmuş milli çempionatda oynamağa başladı. İlk oyunumuz Gəncədə “Kəpəz”lə idi. Yaxşı komandamız var idi. Vidadi müəllim Tovuza sayseçmə futbolçular gətirmişdi. 2 il mükafatçılar sırasına düşdük. 1994-cü ildə isə “Turan” çempion oldu (“Kəpəz”lə oyun 2:1 hesabı ilə gəncəlilərin xeyrinə başa çatmışdı. “Turan”ın yeganə qolunu Vəli Hüseynov vurmuşdu. Bu qol həm də “Turan”ın milli çempionatlarda vurduğu ilk qol kimi klubun tarixinə düşüb. İlk 2 çempionatda “Turan” 3-cü yeri tutub – İ.T.).

– Sakit Alıyevin adını çəkdiniz. Onunla uzun müddət dostluq etmisiniz. Eşitdiyimə görə, son vaxtlar aranızda soyuqluq yaranmışdı.

– Sakitlə həqiqətən yaxın dost olmuşuq. Onun qardaşı Vəkillə bir sinifdə oxuyurduq. Tez-tez onlara gedirdim. Sakit məndən yaşca balaca idi. Sonradan elə oldu ki, bir komandada oynadıq, bir-birimizə isinişdik. Mən “Novator”da olanda Sakit Podmoskovyenin “Oryol” komandasında oynayırdı. Tovuza qayıtmağımız da demək olar ki, üst-üstə düşmüşdü. O ki qaldı, aramızdakı soyuqluğa, boş şeydi. Hər bir ailədə söz-söhbət, narazılıq olur. Uşaq deyildik ki, xırda şeyə görə illərlə olan dostluğumuzu pozardıq. Bilirsən, elə adamlar var ki, küsərək çıxıb gedir, onları axtarmırsan. Amma Sakitlə elə olmayıb. Sakit rəhmətə gedənə kimi dost olmuşuq. Yadıma düşmüşkən, sizə Sakitlə bağlı bir maraqlı hadisə danışım, eynimiz açılsın. Bakıda MOİK-lə oynayırdıq. Bizim cərimə meydançasına ötürmə edildi və Sakit rəqib futbolçu ilə topa sarı tullandı. Havada ikən rəqib dirsəyi ilə Sakitin başına vurdu, zərbə qulağına dəydi. Sakit müvazinətini itirib yerə yıxıldı. Hiss olunurdu ki, canı ağrıyır. Qaça-qaça ona yaxınladım, gördüm ki, qorxulu bir şey yoxdu. Bu dəm oyunun baş hakimi Asim Xudiyev də yanımıza gəlib məndən vəziyyəti soruşdu. Dedim ki, yazığın qulağı yerə düşüb. Asim müəllim soruşdu ki, hanı? Mən də gülə-gülə “harada olasıdı, yerində” deyə, cavab verdim. “Yazığın qulağı yerə düşdü” sözünü eşidən Sakit həyəcanla əlini qulağına apardı və gördü ki, qulağı həqiqətən yerindədi. Başladı məni söyməyə ki, zarafat eləməyə vaxt tapmısan? Görmürsən nə haldayam? Allah ona qəni-qəni rəhmət eləsin. Yaxşı futbolçu olduğu qədər də yaxsı insan, dost, yoldaş idi.

“İstədiyimiz komandaya 5-10 qol vura bilərdik”

– Bəlkə bir qədər “Turan”ın çempionluğundan danışaq? “Turan”ın qızıl medalları “təmiz” götürməsinə şübhə ilə yanaşanlar var. Onlardan biri, Adil Nadirov “Qarabağ”ın haqqı olduğu halda, “Turan”ın Fuad Musayevin sayəsində çempion olduğunu söyləyib.

– Çempionatın gedişində xal hesabında biz onlardan geri idik. 2-ci dövrədə 1 oyun belə uduzmadıq. Yaxşı, “Qarabağ”ı səfərdə 2:0 hesabı ilə udanda qolları Fuad Musayev vurmuşdu? Həmin mövsüm “Kəpəz” də çempionluğa oynayırdı. Gəncədə “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəldik. Əgər komanda zəif idisə, səfərdə o cür komandaları necə məğlub etdi? Həmin vaxt “Turan” çox güclü idi. Azərbaycanın ən yaxşı futbolçuları əsasən 4 komandada – “Neftçi”, “Kəpəz”, “Qarabağ” və “”Turan”da cəmləşmişdi. Digər komandalar da zəif deyildilər. Əsas da səfər oyunlarında xal qazanmaq müşkülə dönürdü. Məsələn, “İnşaatçı”, “Kür-Nur”, “Kümrük”, “Daşqın”, “Göyəzən”, “Şahdağ”… Ev oyunlarında çox güclü idilər. Elə komandalara qarşı cəmi 3 oyunda məğlub olmuşduq. 4 heç-heçəmiz vardı. (“Neftçi” 0:1, “Qarabağ” 0:1, “Xəzər” (Sumqayıt) 0:1, “Kür-Nur” 1:1, “Bakı fəhləsi” 1:1, “Xəzər” (Lənkəran) 0:0, “Xəzri-Eltac” 0:0 – İ.T.). Qalan oyunlarda qalib gəlmişdik. Güclü futbolçulardan savayı, komandanın hazırlığı yüksək səviyyədə idi. Qısası, “Turan”ın çempionluğuna şübhə ilə yanaşanlara demək istəyirəm ki, komanda 1-ci yerə layiq idi və layiq olduğu yeri də tutdu. Yaxşı yadımdadır, sona 1 tur qalmış Masallıda “Viləş”lə oynayırdıq. Xal itirəcəyimiz təqdirdə, “Kəpəz” bizi keçə bilərdi. Elə oldu ki, çempionatın başa çatmasına 1 tur qalmış 1-ci yeri özümüzə təmin etdik. Sonuncu turda “Gümrük”lə evdəki oyun formal xarakter daşıdı. Qaxlılara da qalib gələrək Tovuz camaatı ilə çempionluğu qeyd etdik.

– Tovuzda “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldiyiniz tarixi oyunda nə baş vermişdi?

– Həmin oyun yadımdadı. Onda nə olmuşdu, deyim, siz də bilin. “Neftçi” ilə oyundan 3 gün əvvəl Gəncədə “Kəpəz”ə qalib gəlmişdik. Tovuzda isə, ilk hissədə “Neftçi”nin futbolçusu Mirbağır İsayev hesabı açmışdı. İkinci hissənin ortalarında künc zərbəsi qazandıq və Qurban Qurbanov hesabı bərabərləşdirdi. Bu zaman “Neftçi”nin futbolçuları qapıçıya hücum olduğunu əsas gətirərək hay-küy saldılar və meydanı tərk etdilər. O vaxtlar komandaların acıq edib oyunu yarımçıq tərk etmələri dəbdə idi. Sonradan yenidən qayıtdılar. Etiraz əlaməti olaraq oynamadılar, biz də 2-ci qolu vurduq, hakim oyunu bitirdi. İndi oynamağa nə var, o vaxt çox çətin idi, özü də rayon yerlərində. Respublikada vəziyyət yaxşı deyildi, özbaşınalıq baş alıb gedirdi. Qonaq komandanın qalib gəlməsi onlar üçün böyük təhlükələdemək idi. Hakimlər də, qonaq futbolçular da qorxurdular. Başımıza o qədər oxşar hadisələr gəlib ki. Konkret oyuna gəlincə, təmiz qol vurmuşduq. Nəyə görə etiraz etdilər, bilmədim. “Neftçi” yaxşı komanda idi, amma həmin vaxt bizdən güclü ola bilməzdi.

– Yaxşı, “Kəpəz”lə Gəncədəki oyundan sonra nələr baş vermişdi? Bu haqda danışmağa həvəsiniz var?

– Nə danışım ki? Olan olub, keçmişdə qalıb. “Kəpəz”ə Gəncədə qalib gələndə necə olmalı idi (gülür)? Ümumiyyətlə, rayon yerlərində azarkeşlər doğma komandalarının evdə məğlub olmalarını qəbul edə bilmirlər. Bayaq qeyd etdiyim kimi respublikada hərcmərclik idi. Qısaca onu deyə bilərəm ki, bizim futbolçulardan bir neçəsi, o cümlədən məni vurmuşdular. Məncə, bu qədər bəs edər.

– İddia olunur ki, “Turan” çempion olan ili bəzi oyunları almışdı.

– Onu deyə bilmərəm. Mənim işim futbol oynamaq idi. Meydandan kənarda baş verənlərdən xəbərsiz idim. Bir də ki, “Turan”ın oyun almaq nəyinə lazım idi? İstədiyimiz komandaya 5-10 qol vura bilərdik. Bəzi insanlar 2-3 il əvvəl yaranmış bir rayon komandasının çempionluğunu həzm edə bilmədilər. Bu cəfəng fikirlər onların təxəyyülünün məhsuludur.

– İlk maaşınız yadınızdadır?

– Futboldan ilk aldığım 35 rubl olub. 16 yaşımda. Məşqçimiz, rəhmətlik Çingiz Əliyev “Məhsul” Cəmiyyətinin adından gənc futbolçulara maaş yazmışdı. 4 nəfər idik. İki nəfərə 70 rubl. Yadımda deyil, adımı kiminlə yazmışdı. Pulu yarı böldük. Sevincimin həddi-hüdudu yox idi.

– “Turan”da necə, hər halda maaş 35 manat olmazdı. “Turan”ın yaranması ilə bağlı  Vidadi Əhmədovla ilk görüşündə maaş söhbəti olmuşdu?

– İnandırım ki, aramızda pul söhbəti olmadı. Vidadi müəllim bircə kəlmə dedi ki, sənin heç bir problemin olmaycaq. Nə vaxt nəyəsə ehtiyacın olsa, mən qarşılayacam.

– Problem oldu?

– Problem həmişə var. Vidadi müəllimin imkanı yaxşı olanda, hamı yaxşı dolanırdı. Bir tovuzlu kimi pulu yox, “Turan”ın uğurlarını düşünmüşəm. Çempionluq, “Turan”ın ilk dəfə ölkəmizi Avropada təmsil etməsi nəyə desən dəyərdi. Təəssüf ki, növbəti illərdə bir qədər maliyyə sıxıntısı oldu, bəzi futbolçular komandanı tərk etdi. Yoxsa, həmin kollektiv ilə daha bir neçə il çempion ola bilərdik.

– Bəs, həmin kollektiv nəyə görə UEFA Kubokunda “Fənərbaxça”ya qalib gəlmək bir yana, müqavimət göstərə bilmədi?

– “Fənərbaxça” ilə “Turan”ı müqayisə etmək düzgün olmazdı. “Fənər”in 80-90, “Turan”ınsa 2-3 yaşı vardı. Onlar uzun illər idi Avropa səhnəsində oynayırdılar. Biz isə ilk dəfə idi Azərbaycanı UEFA Kubokunda təmsil edirdik. Komandamızın heyətində bir neçə cavan futbolçu var idi. Yaşlılar SSRİ futbol məktəbini keçmişdilər, Avropa futbolu görməmişdik. Amma hər 2 oyun göstərdi ki, onlarla normal futbol oynaya bilərdik. Əsas da Sumqayıtda. İstanbulda 0:5 hesabı ilə məğlub olduq. Hesab oyuna görə deyildi. Musa Qurbanov, Qurban Qurbanov, Məqsəd Yaqubəliyev, Rüfət Quliyev 100 faizlik qol epizodlarından istifadə edə bilmədilər. Qol vursaydıq, hesab fərqli olardı. Komandalar arasındakı səviyyə fərqi nəticəyə təsir göstərdi. “Fənərbaxça”nın heyətinə fikir verək – Bülənt, Oğuz, Aykut kimi məşhur türk futbolçuları ilə yanaşı Danimarka ilə Avropa çempionu olmuş Nilson, nigeriyalı Uçe kimi futbolçular Avropa futbolunu keçmişdilər, fərqli oyun nümayiş etdirirdilər. Səviyyə fərqi az olsaydı, “Fənərbaxça”ya qarşı rahat oynamaq olardı.

– Deyilənlərə görə, türklər “Turan”ı hörmət-izzətlə qarşılayıb, yola salmışdılar.

– İndiyə kimi heç bir Azərbaycan komandası ölkə xaricində bu qədər yüksək səviyyədə qarşılanmayıb. İlk oyundan əvvəl 15 gün Qızılcahamamda təlim-məşq toplanışı keçdik. Yerli əhalinin bizə qarşı isti münasibətini, qayğısını hər yerdə gördük. İstanbulda qaldığımız müddətdə də eyni hal təkrarlandı. Hətta oyunun gedişində 30 minlik stadionun 1 hissəsi, haradasa 8-10 min nəfər bizə azarkeşlik edirdi. SSRİ təzə dağılmışdı, Türkiyə münasibətlər yeni-yeni qurulurdu. Bunlar əsas səbəblər idi. Ən əsası isə komandanın adı – “Turan” idi.

Qoleador qapıçı kimləri döymək istəyib?

Nizami Sadıqov 2 dəfə Azərbaycan çempionu olub. 1-i “Turan”la, digəri isə “Kəpəz”lə. 1997/98-ci illər mövsümündə “Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev 2 tovuzlu qapıçını – Nizami Sadıqovu və gənc Hüseyn Məhəmmədovu komandasına dəvət edib. Həmin mövsüm “Kəpəz” maliyyə cəhətdən axsamırdı və heyəti yerlilərlə yanaşı, respublikada üzdə olan futbolçularla gücləndirmişdi. Nəticədə “Kəpəz” mövsümü həm çempion kimi bitirmiş, həm də kuboku götürmüşdü. Özü də komanda vaxtından əvvəl çempion adını qazanmışdı. Nizami Sadıqov “Kəpəz”də cəmi 1 mövsüm oynayıb. Daha sonra yenidən “Turan”a qayıdıb.

Yazının girişində Nizami Sadıqovun adının dünya futboluna düşdüyünü yazmışdım. İndi bir qədər ətraflı. Ümumiyyətlə, azarkeşlər üçün qol vuran qapıçılar həmişə maraq doğurub. Müxtəlif ölkələrdə statistiklər tərəfindən qol vuran qapıçıların siyahısı hazırlanıb. Mənbələr müxtəlif olduğundan siyahılarda uyğunsuzluqlar olub. Yalnız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bütün ölkələrdəki nümayəndələri ilə dəqiqləşdirmələr apararaq yekun siyahı tərtib edib. 2007-ci ilin fevralına kimi Nizami Sadıqovun adı qol vuran qapıçıların siyahısında olmayıb. Bu vaxt tanınmış statistikimiz Vüqar Xeyrullayev işə qarışıb və üzvü olduğu İFFHS-nin yaradıcısı Alfredo Poje ilə yazışmalar sayəsində Sadıqovun adı ora əlavə olunub. Hətta onun bəzən meydana qapıçı deyil, hücumçu kimi çıxıb vurduğu qollar da hesaba alınıb. Təbii ki, qurumun qaydalarına uyğun şəkildə. Alfredo Poje yaratdığı və şəxsi fədakarlığı ilə yaşatdığı qurum onun ölümündən – 2013-cü il martın 24-dən sonra yiyəsiz qalıb. Pojenin sağlığında bütün reytinq siyahılarında mütəmadi yeniləmələr aparılır, 100-ə yaxın göstəricidə tərtib olunan cədvəllər təzələnirdi. Doğrudur, yenilənmələrdə bəzən gecikmələr olurdu, amma bütün iş Pojenin nəzarəti altında idi. Pojedən sonra uzun müddət federasiya fəaliyyət göstərmədi. Sonda fransalı vitse-prezident Robert Ley bütün ölkələrdəki nümayəndələrlə razılaşaraq, fəaliyyətin bərpası üçün işə başladı. Səudiyyə Ərəbistanından olan Saleh Salam Bahvini prezident seçildi. Lakin hələ də işlər Pojenin vaxtındakı kimi qurulmayıb. Yalnız müxtəlif reytinqlər və illik səsvermələr keçirilir. Statistik cədvəllər isə nə yenilənir, nə də köhnələrin üzərində iş gedir. Qolçu qapıçıların siyahısı sonuncu dəfə Pojenin vaxtında – 2012-də açıqlanıb. Amma başqa mənbələrdə, məsələn, qeyri-ciddi mənbə olan vikipediyada siyahılarla rastlaşmaq olar ki, onları da peşəkarlar deyil, həvəskarların tərtib edib və həqiqətdən çox uzaqdı. Deyəsən, mövzudan bir qədər kənarlaşdım. 2012-ci ildəki son siyahıya görə, Nizami Sadıqov 21 qolla 14-cü pillədə qərarlaşıb. “Cəfər” həmin qollardan 12-ni penaltidən, 9-nu isə oyundan vurub. Bu, son deyil. Azərbaycan çempionatları tarixində ən uzun “quru seriya” Nizami Sadıqova məxsusdur – 1106 dəqiqə. Veteran futbolçu bu göstərici ilə də İFFHS-nin siyahısına düşməyi bacarıb.

– Deyəsən, uşaqlıq arzunuza 30 yaşınızdan sonra çatdınız, hücumçu kimi oynadınız.

– Kazbek Tuayevin vaxtındaydı. Hansısa oyunda futbolçu çatızmazlığı var idi. Mən də əlimdən zədələnmişdim, qapıda Eldəniz Hüseynov dayanırdı. Kazbek müəllimə dedim ki, oynatmağa futbolçu tapmırıq, icazə verin, hücumda oynayım. Qayıtdı ki, get işinlə məşğul ol, sən hara, hücum hara? Çox israr eləyib razı sala bildim. Elə o oynamaq, ardı gəldi. Haradasa, 12 oyunda hücumçu kimi oynamışdım, 8 qol vurmuşdum. Həmin vaxt yığma komandaya cəlb olunurdum.  Toplanışların birində Fuad Musayev zarafatla dedi ki, qapıçımız hücumçulardan çox qol vurur. Qolların təxminən yarısını penaltidən vurmuşam. Bizdə penalti zərbələrini Sakit Alıyev yerinə yetirirdi. Bir dəfə büdrəyincə, imtina elədi. O vaxtdan sonra bu iş mənə tapşırıldı.

– Yəqin ki, xəbəriniz var, adınız dünya futbol tarixinə düşüb.

– Bəh-bəh (gülür). Özü də 2 yerdə. Bir siyahıda 14-cü, digərində 22-ci yerdəyəm.

– Çox futbolçularla komanda yoldaşı olmusunuz? Kiminlə oynamaq daha rahat idi.

– “Turan”ın yaxşı vaxtlarında cinah müdafiəçilərimizlə. Əsasən Sakit Alıyev və Elxan Abdiyevlə. Bir-birimizi gözüyumulu başa düşürdük.

– Çəkindiyiniz hücumçu var idi?

– İndi çoxları deyə bilər ki, yox, heç kimdən çəkinməmişəm. İnanmıram. Yalan danışmayacam, elələri var idi. Mehman Allahverdiyev, Samir Ələkbərov, Mahir Əliyev, Nazim Əliyev, Müşfiq Hüseynov, Musa Qurbanov, Qurban Qurbanov və digər bacarıqlı hücumçulara qarşı oynamışam. Hamısı da istənilən anda qol vura bilərdilər. Belə olanda əlbəttə, onlardan çəkinməliydim. Samir Ələkbərovdan texnikasına görə, Nazim Əliyevdən isə qol duyumuna görə daha çox çəkinirdim.

– Özünüzü etibarlı qapıçı saymısınız?

– Buna mənim cavab verməyim düzgün olmaz. Hər bir qapıçı kimi mənim də səhvlərim olub. Bir hadisə yadıma düşdü, Buzovnada “Neftçi” ilə oynayırdıq. Hesab açılmamışdı. Bu halda biz “altılığ”a düşürdük. Oyunun sonuna yaxın topu mənə ötürdülər. Meydan başdan-ayağı kələ-kötür idi deyə, topu yan xəttən çıxartmaq istədim. Top ot topasına toxundu, ayağıma yaxşı oturmadı və Bəxtiyar Musayevə dəyərək qapıdan keçdi. Həmin oyunu 0:1 hesabı ilə uduzduq və “altılıq”dan kənarda qaldıq. Uzun müddət həmin epizodu başımdan ata bilmədim. Komandaya çox xeyir verərsən. Lakin 1 səhv onların hamısının üstünən xətt çəkə bilər.

– Döymək istədiyniz futbolçu olub?

– O qədər. Amma ad soruşma, deməyəcəm. Əsas da öz komandamızdan. Hərdən baxırdın ki, kimsə bir balaca şuluqluq edir, komandadaxili atmosferi pozur. Elələrini döymək ürəyimdən keçib ki, özlərinə gəlsinlər. Amma heç kimə əl qaldırmamışam, sözlə başa salmışam. Onlar da sağ olsunlar, həmişə məni eşidiblər.

“Qarabağ”da qalsaydım, daha çox uğur qazanardım”

Həmsöhbətim futbolçu həyatına son verdikdən sonra 2003-cü ildə məşqçiliyə başlayıb. Buna kimi isə 1999/2000-ci illər mövsümündən sonra “Turan”da az da olsa, məşqçiliyin “dadını” görüb, həm oynayıb, həm də məşqçi kimi işləyib. Müxtəlif vaxtlarda bir neçə dəfə doğma “Turan”ı çalışdırıb. 2005-ci ildə Ağasəlim Mircavadov və Ramin Musayev onu “Neftçi”yə, qapıçılarla işləyən məşqçi  vəzifəsinə dəvət ediblər. Ağasəlim müəllim “Neftçi”ni tərk edəndə Sadıqov komandada saxlanılıb və bir müddət yeni baş məşqçi Qurban Qurbanovla işləyib. 2007-ci ildə Qurbanov “Qarabağ”dan dəvət alanda isə onunla birgə “Neftçi”lə vidalaşıb. Nizami Sadıqovun “Qarabağ”dan ayrılmasının maraqlı tarixçəsi var. 2009-cu ilin yayında “Qarabağ” Avropa Liqasında “Rusenborq” ilə qarşılaşırdı. 0:0 hesabı ilə başa çatan səfər oyunundan sonra Nizami Sadıqov “Turan”a baş məşqçi gedir. Qurban Qurbanov və “Qarabağ”ın rəhbərliyi onun getməsini istəməsələr də, Sadıqov Tovuza dönməyi lazım bilir. Qayıtmasaydı, rayonda qınaq obyektinə çevrilə bilərdi. Bu bir yana, qayıtmasaydı, “Qarabağ”da daha çox titul qazanardı. Onun gedişindən sonra “Qarabağ”a “əlimyandıda” qapıçı məşqçisi lazım olur və Elxan Həsənov komandaya gətirilir. Daha bir maraqlı məqam – “Rusenborq” səddi keçildikdən sonra hər kəsə mükafat ayrılır və qapıçı məşqçilərinə düşən pul 2 yerə bölünür – yarısı Nizami Sadıqova, yarısı isə Elxan Həsənova çatır.

– Bildiyimə görə, Qurban Qurbanovla yaxın dostsunuz.

– Qurbanla tanışlığım 1993-cü ilə təsadüf edir. Onun “Turan”a gəlişindən sonra. Musanı isə daha əvvəl tanıyırdım. O vaxtdan aramızda yaranan isti münasibətlər indi də davam edir. Bir futbolçu kimi, insan kimi bir-birimizə hörmətimiz var. Qismət elə gətirdi ki, həm “Neftçi”də, həm də “Qarabağ”da məşqçi kimi də onunla işlədim. “Qarabağ”a keçməyimin təşəbbüskarı Qurban Qurbanov idi.

– “Qarabağ”ı “Turan”a dəyişməyinizə peşman deyilsiniz?

– “Qarabağ” çox yaxşı kollektiv idi. İndi də elədir. “Qarabağ”da qalsaydım, daha çox uğur qazanardım. Peşman olsam da, olmasam da, Allah bilən məsləhətdi. Hər işdə bir xeyir var. “Qarabağ” mənim üçün doğma komandadır. Komandanın uğuruna həmişə sevinmişəm. Orada olanda da, indi də.

– Həm baş məşqçi, həm də qapıçılarla işləyə bilən mütəxəssissiniz. Hansı daha rahatdır?

– Baş məşqçi kimi ancaq “Turan”ı çalışdırmışam. Qapıçılarla işləyən məşqçi kimi isə “Turan”dan başqa “Neftçi”də, “Qarabağ”da, “Simurq”da işləmişəm. Əlbəttə, baş məşqçi olmaq daha çətindir. Çünki bütün məsuliyyət sənin üzərində düşür. Qapıçılarla işləməyə nə var ki?

– Çox qapıçılara məşq keçmisiniz. Hansı ilə işləmək ürəyinizcə idi?

– Legionerlərdən çox öz qapıçılarımızla işləmək daha rahatdır. Kamran Ağayevin, Fərhad Vəliyevin adlarını çəkə bilərəm.

“Top qarışıq ona necə vurdumsa…”

“Turan”ın çempionluğu ermənilərlə müharibə vaxtına təsadüf edib. Müharibə rayonun sosial durumu təsirsiz ötüşməmişdi. Elektrik enerjisi əhaliyə 1-2 saatlıq verilirdi. Su xüsusi maşınarla daşınırdı. Qazdan isə söhbət gedə bilməzdi. Rayonda ərzaq çatışmazlığı da var idi. Yaxşı yadımdadır, həmin illər yerli camaata çörək “poyok”la verilirdi. Hər gün səhər şəhərin dəmiryol vağzalında insan izdihamı ilə rastlaşırdım. Çünki, qatarla Bakıdan Tovuza çörək gətirirdilər. Ən böyük çətinlik ermənilərlə bağlı idi. Rayon mərkəzinə və sərhəd kəndlərə hər gün “qrad” mərmiləri atılırdı. Təbii ki, hər dəfə tələfatsız ötürmək olmurdu. Bütün bu çətinliklərə rəğmən rayon camaatı nikbin idi və “Turan”ın hər uğuru onlara çətinlikləri azacıq da olsa unutdururdu. Həmsöhbətim həmin illəri beəl xatırlayır: “Dəfələrlə olub ki, oyun və ya məşq zamanı stadionu “qrad” mərmisi düşüb. Amma qorxmurduq. Futbolçuların qaldığı bazanın yaxınlığına silah-sursat gətirirdilər Futbolçu olanda nə olar ki, o qədər silah-sursat boşaltmışıq. Tez-tez cəbhə xəttinə gedib əsgərlərlə görüşürdük. Aramızda vuruşanlar da olub. Məsələn, hazırda “Turan-Tovuz”un qapıçılarla işləyən məşqçisi, keçmiş futbolçu Eldəniz Hüseynovun, Etimad Qurbanovun adlarını çəkə bilərəm. Hətta şəhid də vermişik…” Həmin şəhid-futbolçu haqqında özüm danışacam. 1993/94-cü illər mövsümündə “Turan” güclülər, “Turan-2″ isə 1-ci dəstədə çıxış edirdi. Çempionat təzə başlamışdı. “Turan-2″də oynayırdım. Komandamızın hücum xəttində Vaqif Tağıyev adlı futbolçu çıxış edirdi. Ləqəbi “Ciqan” idi. Sürətli, döyüşkən birisi idi. Vaqiflə cəmi 1-2 ay bir yerdə oynadım. Sonra cəbhəyə getdi. Bildiyim qədər, SSRİ vaxtı Əfqanıstanda əsgərlik çəkmişdi, hərbin sirlərinə yaxşı bələd idi. Üstündən 1-2 ay keçməmiş Vaqifin ölüm xəbəri gəldi. Rəhmətlik düşmən snayperinə tuş gəlmişdi.

Nizami Sadıqov bir ara yığmamızın da qapısını qoruyub. 1994-2000-ci illər aralığında mütəmadi olaraq yığma komandaya cəlb olunub. Amma cəmi 3 oyunda qapıda dayanıb. “3″lüyə müxtəlif turnirlərdəki oyunlar daxil deyil. Bu oyunlarda 9 qol buraxıb. Slovakiya (0:1) və Özbəkistanla (2:1) oyunlarda 1 dəfə üzülən “Cəfər”in Fransa ilə oyunda halına acımaq qalır. “Oser faciəsi”nin iştirakçılarından biri Nizami Sadıqov idi. Fransa ilə həmin oyunda nə baş vermişdi?

– Rəqib çox güclü idi. İndiki Fransa yığmasından 2-3 dəfə. Amma nə qədər güclü olsa da, elə məğlubiyyətə layiq deyildik. Oyunun ilk 15-20 dəqiqəsi qarşılıqlı hücumlar şəraitində keçdi. Onlardan demək olar ki, heç nədə geri qalmırdıq. Hətta qol vurmaq imkanımız da oldu. 2-ci qoldan sonra fransızlar bir qədər açılışdılar. 3-cü qoldan sonra Ağasəlim müəllim dedi ki, hazırlaş. Düzü, Elxan Həsənovun belə tez əvəzlənməsinin tərəfdarı deyildim. Dəyişdirilməsini özü istədi. Mən oyuna çıxanda 1-ci hissənin ortaları idi, komandamız artıq “sınmışdı”. 1-ci hissə elə 3:0 hesabı ilə də başa çatdı. Fasilədə rəhbərlik bir az hay-küy saldı. Amma nə olsun? İkinci hissə başlayanda meydanda komandamızdan əsər-əsamət qalmamışdı. Bütün yük müdafiənin üzərinə düşmüşdü. Topu qabağa vururduq, rəqibə düşürdü. Bir neçə epizodda qol vurulmasına imkan vermədim… İndən sonra 100 il də keçsə, orada baş verənlər heç birimizin yadından çıxası deyil. Düzdür, 7 qol buraxdım, amma təkbaşına heç nə edə bilməzdim. Rəhbərlik tərəfindən edilən təzyiq 2-ci hissədə futbolçulara psixoloji cəhətdən pis təsir göstərmişdi. Bu hesabla uduzmalı deyildik.

– Fransaya məğlubiyyətdən sonra futbolçuların bəziləri lətifə qəhrəmanlarına çevrildilər. Məsələn, deyirlər ki, Yuri Corkayefin zərbəsindən sonra topu qaytarmısınız və əlcəyi çıxararaq ağrıdan əlinizi ovuşdurmusunuz. Və ya Tərlan Əhmədovun Marsel Desai ilə mübarizəsi…

– Tərlanın epizodu lətifə yox, həqiqətdi. Fransa künc zərbəsi yerinə yetirirdi. Tərlan da Desai ilə fərdi oynayırdı. Oynayırdı deyəndə, onu qucaqlamışdı. Top cərimə meydançasına ötürüləndə Desai tullandı, Tərlanı da özü ilə qaldırdı. Epizoda baxanda görərsiniz ki, Desai topa qalxır, Tərlan onlar sallaşıb qalıb (gülür). O ki qaldı mənimlə bağlı lətifəyə, həqiqətən lətifədi. Elə şey olmayıb. Gəl, Corkayevlə bağlı başqa bir epizoddan danışım. Oyunun axırlarına yaxın Zidan topu müdafiəmizin arxasına, Corkayef istiqamətində göndərdi. Demək olar ki, mənimlə təkbətək qalmışdı. Topa çıxanda fikrim onu götürmək yox, Corkayefi sındırmaq idi. Oyunboyu özümə söz vermişdim ki, onu harada tutsam, “qıracam”. Məqam idi. Top qarışıq ona necə vurdumsa… Onsuz da uduzurduq, itiriləsi heç nə yox idi. Heç olmasa heyfimizi çıxmış olardım. O zərbənin qarşısında yıxılmadı, donquldana-donquldana geri qayıtdı.

“Guya,  futbolçulara oyunu uduzmalarını tapşırmışam”

Nizami Sadıqovla başqa mətləblərdən də söhbət etdik. “Turan”dakı hazırki işindən, komandanın vəziyyətindən, ailə həyatı qurmasından… Yadınızdadırsa, bir neçə il əvvəl mətbuatda oğlu İlkinin “lipa” olması ilə bağlı xəbərlər yer almışdı. Yenidən bu məsələni qabartdım. Nizami Sadıqov 1995-ci ildə ailə həyatı qurub, 4 övladı var – 2 oğlu, 2 qızı. “Lipa” olduğu iddia edilən İlkin 1997-ci ildə anadan olub, adından da göründüyü kimi ailənin ilkinidi. “İnter” PİK-nun yetirməsidir. Hazırda “Turan”ın, eyni zamanda olimpiya yığmamızın futbolçusudur. İlkinin  özündən 2 yaş kiçik qardaşı Nicat da futbolçudur. Nizami müəllim oğullarının heç birinin “lipa” olmadığını söyləməklə yanaşı bir ara oyun satmaqda ittiham olunmasına da münasibət bildirdi: “Oğlumun “lipa” olması söhbətini Yaşar Seyidov ortaya atıb. “Bakı” və “İnter”in aşağı yaş qruplarından ibarət komandaları arasında keçirilən oyunda dava düşmüşdü. Ondan sonra Yaşar Seyidov demişdi ki. İlkin “lipa”dır. Klubun o vaxtkı mətbuat xidmətinin rəhbəri Asif Bağırovla birlikdə yoxlamışdılar, amma ortaya nəsə çıxara bilməmişdilər. Məqsəd nəsə tapıb, “İnter”ə texniki məğlubiyyət vermək idi. O ki qaldı mənim baş məşqçi olduğum dövrdə hansısa komandaya oyun verməyimə, boş söhbətlərdir. Kimsə, reytinq qazanmaq üçün mətbuatda bu cür xəbərlər yaya bilər. Bilirəm, “Neftçi”yə Tovuzda 2:3 hesabı ilə uduzduğumuz oyunu nəzərdə tutursunuz. İlk hissədən sonra 2:0 öndəydik. “Neftçi” bizdən çox güclü idi. Fasilədən sonra 3 top vurub qalib gəldilər. Guya, fasilədə futbolçulara oyunu uduzmalarını tapşırmışam. “Real” və ya “Barselona” hansısa zəif komandaya oyunun gedişində uduzub, daha sonra qalib gələrsə, onda belə çıxır ki, həmin zəif komanda oyun satıb?”.

“Turan Tovuz”a gəlincə, komandanın indiki durumu veteran futbolçunu təbii ki, razı salmır. Nizami müəllim Tovuz futbolunun ənənələrini dirçəltmək, “Turan Tovuz”u yenidən Premyer Liqaya qaytarmaq, uşaq futbolunu inkişaf etdirmək üçün çox çalışdıqlarını dedi: “Görüləsi işlər çoxdur. Əsas odur ki, klubda hamı futbolu bilən adamdı. Çalışırıq ki, mübariz komanda yaradaq, Premyer Liqaya vəsiqə qazanaq. “Turan Tovuz”un 1-ci dəstədə oynaması Tovuz futbolunun adına yaraşmır”.

Söhbətləşdi: İlqar TAĞIYEV

“Het-trik news” qəzeti

(Bakı-Tovuz-Bakı)

Son yazılar

To Top