“Xəzər Lənkəran”la oyunda mühüm olan 3 xal qazanmaq idi. Bəlkə də gözəl oyun sərgiləmədik. Amma əsas odur ki, qarşıya qoyulan məqsədə çatdıq”.
Korner.az-ın futbolxeber.az saytına istinadən verdiyi məlumata görə, bu sözləri Bakı “İnter”inin hücumçusu Franka Nildo deyib.
Braziliyalı forvard “Xəzər Lənkəran”la Premyer Liqanın 28-ci turunda qali gəldikləri matçın (2:0) ilk yarısında istədiklərini oyunu sərgiləyə bilmədiklərini qeyd edib: “Fasiləyə qədər oyunumuz istədiyimiz kimi alınmadı. “Xəzər Lənkəran” da meydana uğur qazanmaq üçün çıxmışdı. Onlar da əllərindən gələni edirdilər. Fasilədən sonra təzyiqi artırıb, istəyimizə çatdıq”.
“İnter”in hesabı açdığı penalti epizodunda Nildo, topa yaxınlaşmaq istəsə də, sonrada baş məşqçi Kaxaber Sxadadzenin göstərişi ilə zərbəni Meza Kolli yerinə yetirdi. Nildo məsələyə belə aydınlıq gətirib: “Penaltini tək mən yox, başqaları da yerinə yetirmək istəyirdi. Baş məşqçimiz isə Derlisin zərbə endirməsini tapşırdı. Çünki vacib məqam idi. Matçın taleyini həll etmək baxımından penaltini düzgün dəyərləndirmək lazım idi. Derlisin daha dəqiq oynayacağını düşünən baş məşqçi topu ona verməyimi istədi. Nəticə göstərdi ki, o, düzgün qərar verib. Bu da normal haldı”.
Sonda “İnter”in forvardı çempionluq üçün sona kimi mübarizə aparacaqlarını vurğulayıb: “Çempionluq şansımız davam edir. Hamımız istəyirik ki, çempion olaq. Aradakı xal fərqini aradan qaldırmaq üçün maksimum çalışacağıq. Futbolda hər cür nəticə qeydə alına bilər. Çempion olmaq istıyiriksə, qalan 8 turda xal itirməməliyik”.
