Milli

Nikola Yurçeviç: “Milli komandanın bütün qarşılaşmaları önəmlidir”

08.10.2019 , 22:50

Oktyabrın 9-da Bakı vaxtilə saat 20:30-da “Bəhreyn Milli Stadionu”nda Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin bu gün oyunöncəsi brifinq keçirib.

Korner.az xəbər verir ki, xorvatiyalı mütəxəssis fikirlərinə səfərlərinin yaxşı keçməsini söyləməklə başlayıb:
“Amma ümumilikdə, ilk dəfədir ki, heyətlə bağlı bu qədər ciddi problemlərimiz var. 3 futbolçumuz cəzalı durumdadır, 2 futbolçumuzun zədəli olması bəlli idi. Son anda isə məlum oldu ki, Qara Qarayevin də zədə ucbatından sabahkı oyunu buraxacağı ilə bağlı ehtimal yüksəkdir. Bununla belə, Bəhreyn yığması ilə yoldaşlıq oyununun Macarıstan millisinə qarşı keçirəcəyimiz qarşılaşmanın qlobal mənada testi, yoxlaması olduğunu düşünmürəm”.

Yurçeviç hesab edir ki, bu oyun bəzi futbolçularımızın müxtəlif aspektlərdən nə dərəcədə hazırlıqlı olmasını müəyyənləşdirmək baxımından onlar üçün vacibdi:

“Təbii ki, daha çox Macarıstan millisi ilə keçirəcəyimiz oyun barədə düşünürük. Hava şəraitinin, yüksək temperaturun bizim üçün problem yarada biləcəyini düşünmürəm. İndiki halda iqlim şərtləri futbolçuların xarakter göstərməsi baxımından əhəmiyyət kəsb edir. İstənilən halda, milli komanda səviyyəsində əhəmiyyətsiz oyun olmur. Yoldaşlıq və ya seçmə mərhələ oyunu olmasından asılı olmayaraq, milli komandanın bütün qarşılaşmaları önəmlidir”.

Son yazılar

Yuxarı