Nikola Vlaşiç: “Azərbaycanla oyunda xarakter nümayiş etdirdik”
22.03.2019 , 17:09

“Oyun çox ağır keçdi. Hesabda geridə olduğunuz zaman işiniz çətinləşir. Amma xarakter nümayiş etdirdik və qələbə qazanmağa nail olduq”.
Bu sözləri Xorvatiya yığmasının üzvü Nikola Vlaşiç AÇ-2020-nin seçmə mərhələsində doğma meydanda millimizə qalib gəldikləri matçı dəyərləndirərkən deyib.
Gənc futbolçu qarşılamada meydana sonradan daxil olmasına da münasibət bildirib: “Ehtiyatda oturmaq məni narahat etmir. Ürəyim qarşılaşmanın hər anında meydandakı mübarizə ilə döyünür”.
Vlaşiç Macarıstan önünə fərqli sistemdə çıxacaqlarını da sözlərinə əlavə edib: “Fikrimcə, Macarıstanla oyun daha çətin olacaq. Bu qarşılaşma ilə bağlı düşüncələr fərqli olacaq. Hansı futbolçuların daha uyğun olacağını görəcəyik. İnanıram ki, həmin səfərdən 3 xalla ayrılmağı bacaracağıq”.
Qeyd edək ki, Macarııstan – Xorvatiya matçı martın 24-də Budapeştdə keçiriləcək.
