“Artıq yeni klubumdan məlumatlıyam. Komanda barədə fotolarla internetdə tanış olmuşam. Ardıcıl 3 dəfə çempion olduqlarını bilirəm. Hazırda Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşırlar. Bu məqsədlə Avstriyada təlim-məşq toplantısındadırlar. Mən də iyunun 29-da Avstriyaya yollanaraq, yeni komandama qoşulacağam”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin Hollandiyanın NEC klubundan transfer etdiyi Melvin Platye deyib.
25 yaşlı forvardla iyunun 29-da 2 illik müqavilə bağlanılacaq. Platye yerli agentliyə müsahibəsində Azərbaycanı da tərifləyib: “Mənim dostum Azərbaycandan qayıdır. Dedi ki, gözəl yerdir, orada yaşaya bilərsən. Bakı isə bu ölkənin paytaxtıdır”. Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya “Skenderbeu”suna böyük ehtimalla qalib gələcəklərini söyləyən hücumçu tezliklə İspaniya “Barselona”sının forvardı Lionel Messiyə qarşı oynamasının mümkünlüyünü də bildirib: “Əlbəttə, Messiyə qarşı oynaya bilərəm. Bu, çox gözəl olardı”.
Qeyd edək ki, Melvin Platye peşəkar futbolçu karyerasına 2007-ci ildə Hollandiyanın “Volendam” komandasında başlayıb. O, 4 mövsüm ərzində 100 oyuna 43 qol vurub. 2011-ci ilin yayında Platye NEC-ə keçib. Bu komandada isə hücumçu 52 matçda 13 dəfə fərqlənib.
