“Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Rubin” UEFA-nın müəyyənləşdirdiyi mükafatı, nəhayət, alıb.
Korner.az-ın məlumatına görə, Kazan klubu ilə yanaşı, daha 15 klub “feyr pley” qaydalarına zidd hərəkət etdiyinə görə müvəqqəti dondurulan mükafatlarına qovuşublar.
Mükafatını alan klublar bunlardı: “Rubin” (Rusiya), "Borats", "Sarayevo", "Jelezniçar" (hər üçü – Bosniya və Herseqovina), MOİK (Bolqarıstan), "Atletiko" (İspaniya), "Makkabi" Nt (İsrail), "Şkendiya" (Makedoniya), "Floriana" (Malta), "Buduçnost", "Rudar" (hər ikisi – Çernoqoriya), "Rux" (Polşa), "Sportinq" (Portuqaliya), "Vasluy" (Rumıniya), "Əskişəhərspor", "Fənərbağça" (hər ikisi – Türkiyə).
Bununla yanaşı, 7 klubun barəsində müvafiq sanksiyaların çıxarılması üçün məsələyə UEFA-nın Klublara Maliyyə Nəzarəti İnstansiyasının Arbitraj Palatasında baxılmasına qərar verilib. Onların arasında “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki digər rəqibi "Partizan" da var: “Hayduk”, "Osiyek" (hər ikisi – Xorvatiya), "Malaqa" (İspaniya), "Dinamo" Bx, "Rapid" Bx (hər ikisi – Rumıniya), "Partizan", "Voyvodina" (hər ikisi – Serbiya).
Qeyd edək ki, mükafatların dondurulmasına səbəb klubların maliyyə əməliyyatlarında aşkarlanan nöqsanlardı.
