Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə qarşılaşacaq Gürcüstanın "Zestafoni" klubu hazırlıqlarını davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Avstriyada təlim-məşq toplanışında olan "Zestafoni" klubu daha bir yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Gündə iki dəfə olmaqla məşq keçən Georgi Çiaberaşvilinin komandası sabah Rumıniyanın "Stayua" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək. Yaxın günlərdə 21 yaşlı müdafiəçi Georgi Kaçakişvilinin də "Zestafoni"nin düşərgəsinə qoşulacağı bildirilir.
Qeyd edək ki, "Neftçi" və "Zestafoni" klubları arasında ilk oyun iyulun 17-də Bakıda, cavab matçı isə bir həftə sonra – ayın 24-də Zestafoni şəhərində keçiriləcək.