2012-2013-cü il mövsümünü “qızıl dubl”la başa vurmuş “Neftçi” futbol komandasının Avstriyadakı təlim-məşq toplantısı müddətində daha bir rəqibi müəyyənləşib.
Son Azərbaycan çempionu Rumıniya təmsilçisi “Vasluy”la üz-üzə gələcəklər.
“Sarı-yaşıllar”ın rəsmi saytı oyunun iyulun 10-da keçiriləcəyini yazıb. Daha öncə “Neftçi”nin iyunun 24-də Çexiyanın “Slaviya” komandası ilə qarşılaşacağı dəqiqləşib. Avstriya toplanışı müddətində “ağ-qaralar”ın Rusiya “Volqa”sı ilə də görüşəcəyinə dair xəbərlər yayılsa da, hələlik heç bir klubun rəsmi saytında belə bir məlumat yoxdur.
Qeyd edək ki, Azərbaycan çempionluğu və kubokunu qazanan “Neftçi”dən fərqli olaraq, “Vasluy” ötən mövsüm Rumıniya çempionatını 58 xalla 5-ci pillədə başa vurub. Bu komandalar 2008-2009-cu il mövsümündə UEFA İntertoto Kubokunun III mərhələsində üz-üzə gəliblər. Bakıdakı görüşdə flaqman 2:1 hesabı ilə qalib gəlsə də, cavab görüşündə uduzub – 0:2 (Lent.az).