“Xəzər Lənkəran” və “Neftçi” arasında keçiriləcək oyunun yeri dəyişdirilə bilər.
Korner.az-ın Bakı təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, buna “ağ-qaralar” cənub klubunun Topaz Premyer Liqasının XIII turu çərçivəsində baş tutacaq oyunla bağlı müraciəti səbəb olub.
Belə ki, Lənkəran klubu “Böyük oyun”un “Xəzər Lənkəran” Mərkəzi stadionunun ot örtüyünün əsaslı şəkildə yenilənməsi ilə əlaqədar başqa arenada təşkil olunmasını istəyib. Bakılılar da buna etiraz etmir.
Amma bir şərtlə ki, “Xəzər Lənkəran” meydan sahibi olaraq, qalacaq. “Neftçi” hətta bunun üçün öz stadionunu da prinsipial rəqibə verməyə hazırdı. Bakılılar məşqçilər korpusunun, futbolçu heyətinin, azarkeşlərin marağını və ən əsası idman prinsiplərinin qorunmasını nəzərə alaraq, nominal meydan sahibinin “Xəzər Lənkəran” klubu olaraq qalmasını vacib sayır. Bundan başqa, “Neftçi” XIII turun oyununun keçirilməsi üçün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu təmənnasız olaraq “Xəzər Lənkəran” klubunun sərəncamına verməyə hazırdı.