Dünyanın məşhur bukmeker kontorları Çempionlar Liqasının II təsnifat mərhələsinin və Avropa Liqasının I təsnifatının cavab oyunlarına pul qoyuluşuna start verib.
Korner.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq “Neftçi” ilk oyununu evdə keçirəcək. İyulun 16-da Albaniyanın “Skenderbeu” klubu ilə qarşılaşacaq “ağ-qaralar”ın qələbəsinə verilən əmsal, paytaxt klubunun rəqibindən bir baş üstün olması deməkdi. Belə ki, “Neftçi”nin qələbəsi 1.35, oyunun heç-heçə bitəcəyinə 5.00, Korçe təmsilçisinin qələbəsinə isə 9.00 “kofiçent” verilib.
Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Maltada sürpriz edərək, azarkeşlərini məyus edən “Xəzər Lənkəran”ın “Sliema” ilə doğma meydanındakı oyunun qələbəsinə cəmi 1.33 əmsal verilib. Qarşılaşmanın sülhlə bitəcəyini güvənənlər 10.00, Vanderers təmsilçisinin sürpriz edərək, qələbə qazanacağına inananlar 18.00 əmsalına oynaya bilərlər.
Avroliqadakı digər təmsilçisimiz “Qarabağ” da öz meydanında rəqibini məğlub etməlidi. Skopyedə qalib gələrək (1:0) cavab oyunu üçün əlverişli nəticə qazanan Ağdam klubunun Makedoniya “Metallurq”u ilə ev oyununa verilən qələbə əmsalı 1.47 kimi dəyərləndirilib. Matçın heç-heçə bitəcəyinə 4.50, makedonların qələbəsinə isə 7.30 verilib.
İlk oyununu doğma azarkeşlərin önündə oynayan, lakin gözlənilmədən Finlandiya təmsilçisi “Mariheamn”la heç-heçə edən Bakının “İnter” klubu digər klomandalarımıza nisbətən daha çətin sınaq qarşısındadı. Bunu kontorların oyuna açdığı mərc əmsalları da isbatlayır. Belə ki, “bankirlər”in səfər qələbəsinə 3.15 “kofiçent” verilir. Qarşılaşmanın sülhlə bitəcəyinə 3.35, finlərin qələbəsinə isə 2.35 verilir.
Səxavət QURBANOV
