“Neftçi” heyətini İtaliya yığmasının sabiq hücumçusu Antonio Kassano ilə gücləndirə bilər.
Koprner.az-ın məlumatına görə, paytaxt klubu hazırda onunla danışıqlar aparır.
Qeyd edək ki, İtaliyanın “Bari” klubunun yetirməsi olan Kassano bu komandada qısa müddətli çıxışından sonra 2001-ci ildə “Roma”ya transfer olunub. Məhz paytaxt klubundakı çıxışı ilə parlayan Kassano 118 oyunda 39 qola imza atıb. 2006-cı ildə isə o, İspaniyanın “Real” klubuna transfer olunub. Amma Kassano Madrid klubunda cəmi 19 oyuna çıxıb və 2 qola imza ata bilib. İspaniyadakı karyerası uğurlu alınmadığından o, 2007-ci ildə İtaliyanın “Sampdoriya” klubunda icarə əsasında çıxış etməyə qərar verib. 2007/08 mövsümündə bu komandada 22 oyuna 10 qol vurub. Növbəti mövsümdə isə “Sampdoriya” onun transfer hüququnu “Real”dan alıb. Nəticədə, 2008-2011-ci illər aralığında Antonio bu komandada daha 74 oyun keçirib və 25 qola imza atıb. 2011/12 mövsümünü “Milan”da (33 oyun, 7 qol) keçirən Kassano növbəti mövsümdə də “İnter”in uğurları üçün çalışıb (28 oyun, 8 qol). 2013-cü ildən etibarən isə o, “Parma”da oynayırdı – 53 oyun, 17 qol. Hazırda futbolçu azad agent statusu daşıyır.
Kassano İtaliyanın U-15, U-16, U-18, U-20, U-21 yığmaları ilə yanaşı, əsas milli komandanın da aparıcı üzvlərindən olub. O, A millidə keçirdiyi 39 oyunda 10 qola imza atıb.(Azerisport.az)
