Əvvəlki xəbərlərimizdən bu gün baş tutan "İnter" – "Neftçi" matçından sonra çaxnaşma yaşandığı barədə xəbər vermişdik.
Oyundan sonra "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə fikirlərini bizimlə bölüşüb. Korner.az-a açıqlamasında o, bu fikirləri səsləndirib:
"Meydandakı gərginlik paltardəyişmə otağına gedən tuneldə də davam edib. Bu insidentdə "İnter"in mühafizə xidmətinin və klubun prezidenti Georgi Nikolovun da "fəallığı" olub. Nikolov bizim klubun nümayəndələrinə əl-qol atırdı. Hərəkətlərindən görünürdü ki,.içkilidi. Bu və digər məslələrlə bağlı bütün şikayətlərimizi oyunun AFFA nümayəndəsi Qürbət Həsənova bildirmişik. Əsasnamədə göstərilib ki, klubların mühafizəçiləri soyunub-geyinmə otağına daxil ola bilməz. Və əgər belə bir hal yaşanarsa, səbəbkar tərəfə texniki məğlubiyyət verilməlidi".
Qeyd edək ki, 2013-2014-cü il futbol mövsümü üçün AFFA-nın İntizam Qaydalarının 50-ci maddəsinin üçüncü-dördüncü abzaslarında bununla bağlı məqam əksini tapıb: "Matç zamanı stadionlarda soyunub-geyinmə otaqlarında, dəhlizdə, hakimlər otağının ətrafında, texniki zonada klubun mühafizəçilərinin iştirak etməsi qadağandır. Əgər yuxarıda göstərilən ərazilərdə mühafizəçilər iştirak edərlərsə və AFFA nümayəndəsinin tələbi ilə mühafizəçilər həmin əraziləri tərk etməsi göstərişinə əməl etməkdən imtina edərlərsə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 10000 manat cərimə olunur".
