“Neftçi” ilk transferini gerçəkləşdirib.
Korner.az fanat.az-a istinadən xəbər verir ki, çempion 190 santimetr boya, 80 kq çəkiyə malik 29 yaşlı Kardosonu rənglərinə bağlayıb.
Tam adı Karlos Aleşandre Kardoso olan braziliyalı futbolçu ampluaca müdafiəçidi. Peşəkar karyerasına vətənində “Komersial”da başlayan arxa xətt oyunçusu 2003-2006-cı illərdə bu komandanın uğurları üçün tər töküb. Ardından Portuqaliyaya yollanan “sambaçı” “Eştrela” ilə anlaşıb. “Üçrənglilər”in formasında 2006-2008 aralığında 8 matça çıxan cənubi amerikalı 1 dəfə rəqib qapılarına yol tapıb. Ardından Rumıniya “Panduri”sinə keçən Kardoso yeni komandasının simvollarından birinə çevrilib.
“Panduri”də kapitan sarğısını daşıyan müdafiəçi “şaxtaçılar”ın heyətində 106 oyuna çıxıb və bu müddətdə 7 dəfə rəqib qapılarına yol tapıb. 2012-ci ilin yayında Vladiqafqaz “Alanıya”sına yetərincə samballı qiymətə transfer olunan braziliyalı şəhərdəki ümumi duruma uyğunlaşa bilmədiyi üçün rəhbərliyə müraciət edərək, formasında 8 matça çıxdığı Rusiya klubundan getmək istədiyini bildirib və vətəninə dönərək A seriyasında çıxış edən “Vitoria”ya pənah aparıb. Solaxay mərkəz müdafiəçisi həm müdafiənin cinahlarında, həm də dayaq yarımmüdafiəçisi mövqeyində oynamaq bacarığı ilə seçilir.