Azərbaycan Premyer Liqasınn XXI turunun qarşıdan gələn “Neftçi” – "İnter" görüşü hər iki komanda üçün sayca 32-ci olacaq.
Korner.az-ın məlumatına görə, unadək komandalar bir-birilə 31 dəfə qarşılaşıb, 23 oyun çempionat çərçivəsində keçirilib və 8 matç isə ölkə kubokunun payına düşür. “İnter” rəqibini 9 dəfə məğlub edə bilib, “Neftçi” də 9 qələbəyə malikdi. Digər 13 oyun isə heç-heçə ilə başa çatmışdı. Vurulan topların fərqi “İnter”in xeyrinədi – 29:28.
Komandalar ilk dəfə 2004-cü ilin oktyabr ayında üz-üzə gəlib. “İnter”in meydanında baş tutmuş həmin görüş 2:1 hesabıyla "bankirlər"in qələbəsilə başa çatıb. “İnter” və “Neftçi” qarşıdurmasında ilk qolun müəllifi hazırda da "İnter"də çıxış edən müdafiəçi Vladimir Levin olub.
Bu mövsümün ilk dövrəsində komandaların “Şəfa” stadionunda keçirilmiş görüşü 1:1 hesabıyla yekunlaşmışdı. “Neftçi” – "İnter” oyunlarında ən populyar hesab 1:0-dı. Belə nəticə 31 görüşün 8-də qeydə alınıb. “Neftçi”-"İnter” qarşılaşmaların tarixində ən böyükhesablı nəticə 3:0 hesabıdı. 2010-cu ildə Azərbaycan Kuboku çərçivəsində keçirilmiş görüş komandamızən məhz bu hesablı qələbəsilə başa çatmışdı.
Azərbaycan çempionatında “İnter”ə qarşı keçirilən ev oyunlarında “Neftçi” üstünlüyə malikdi. 12 görüşün 5-də “Neftçi” "İnter"i məğlub edib, 3 matçda “İnter” daha üstün olub, qalan 4 qarşılaşmada heç-heçə qeydə alınıb. Bu qarşılaşmalarda top fərqi də “Neftçi”nin xeyrinədi – 11:10.
Maraqlıdı ki, tarix ərzində 2 futbolçu Valter Quqlemon və Cavid Hüseynov “Neftçi” – “İnter” oyunlarında hər iki komandanın heyətində fərqləniblər. Ümumiyyətlə, uruqvaylı hücümçu Valter Quqlemon “Neftçi” – “İnter” qarşıdurmaların ən sərrast futbolçusudu. O, "İnter"in heyətində çıxış edərkən “Neftçi”yə qarşı keçirilmiş oyunlarda rəqibin qapısına 5 dəfə yol tapa bilmişdi.
"Neftçi" – “İnter” matçı fevralın 23-də keçiriləcək. Oyun saat 17.00-da başlayacaq.