Futbol

“Neftçi” çempionluq uğrunda mübarizəsini davam etdirəcək” – Buludov

02.06.2020 , 13:01

“Neftçi”nin yetirməsi Ömər Buludov müqaviləsinin artırılması ilə bağlı təəssüratlarını bölüşüb. Gənc futbolçu klubun rəsmi saytına müsahibəsində azarkeşsiz oynamağın çox çətin olacağını bildirib.

– “Neftçi” ilə daha 1 illik müqaviləyə imza atdınız. Yetirməsi olduğunuz klubda qalmaq sizin üçün nə deməkdir?

– Məncə, artıq bir söz deməyə ehtiyac yoxdur. Hamı bilir ki, “Neftçi” kimi klubun yetirməsi və əsas heyətin üzvü olmaq böyük şərəfdir. Doğma komandamda qaldığım üçün sevinirəm.

– Koronavirus pandemiyasına görə yaranmış uzun fasilə futbolçuların formasına təsirsiz ötüşməyə bilməz. Bəs siz formanızı nə dərəcədə qoruyub saxlaya bilmisiz?

– Mümkün qədər formada qalmağa çalışmışam. Bunun üçün evdə də olsa, məşqlərimi dayandırmırdım.

– İyunun 21-də Premyer Liqa matçları bərpa olunacaq. Azarkeşsiz oynamaq nə qədər çətin olacaq?

– Əlbəttə, azarkeşsiz oynamaq çox çətin olacaq. Azarkeş bizim 12-ci oyunçumuzdur. Onları yenidən tribunada görmək çox xoş olardı. Ümid edirəm ki, azarkeşlərin oyunlara gəlib bizə dəstək olmaqlarına tezliklə icazə veriləcək.

– Mövsümün son 8 oyunundan nə gözləyirsiz?

– Çempionluq uğrunda mübarizəni davam etdirəcəyik. Xal fərqini nəzərə alsaq çətin olacaq, amma heç kim düşünməsin ki, ikinci yerlə barışmışıq. Komandamıza güvənirəm, sonadək mübarizə aparacağıq.

Son yazılar

Yuxarı