“Neftçi”nin əvəzedici komandasının qapıçılar üzrə məşqçisi Vitali Kovalyov İngiltərədə keçirilmiş beynəlxalq seminarda iştirak edib. Məşqçi tədbir barədə təəssüratlarını klubun rəsmi saytına danışıb.
– İlk olaraq seminar barədə məlumat verərdiniz.
– İngiltərədə təşkil olunan seminarda yalnız qapıçılar üzrə məşqçilər iştirak edirdi. Tədbirə Avropanın “Mançester Yunayted”, “Çelsi”, “Ayaks”, “Deportivo” kimi məşhur futbol klublarının qapıçılar üzrə məşqçiləri qatılmışdı. Seminar müddətində qitənin 17 ölkəsindən gəlmiş məşqçilərlə təmasda oldum. Onu da deyim ki, Müstəqil Dövlətlər Birliyindən seminarda yalnız Azərbaycan təmsil olundu və bu, “Neftçi” rəhbərliyinin dəstəyi ilə baş tutdu.
– Yəqin ki, “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilən final oyununu izlədiniz.
– Oyun keçirilən gün artıq Bakıda idim və bu oyunu stadiondan izlədim. Bildiyiniz kimi, bu qarşılaşmada oyunun taleyini 11 metrlik cərimə zərbələri həll etdi. Yeri gəlmişkən, seminarda müzakirə olunan əsas mövzulardan biri də məhz penalti seriyası zamanı qapıçıların psixoloji durumu idi. Bu mövzuda məşğələlərə İngiltərənin “Mançester Yunayted” klubunun qapıçılar üzrə məşqçisi Erik Stil başçılıq edirdi. Bu şəxs Peter Şmeyhel, Edvin van der Sar kimi qapıçıların məşqçisi olub və onun mühazirə zamanı toxunduğu mövzular bu günün aktual məsələləridir. Erik Stil Çempionlar Liqasının “Mançester Yunayted” və “Çelsi” komandaları arasında keçirilmiş final oyunu üzərində dayanaraq bir sıra psixoloji məqamlara aydınlıq gətirdi. Həmin oyunda penaltilər seriyasında “Mançester Yunayted”in “Çelsi”ni məğlub etməsində məhz qapıçı Van der Sarın rolu böyük oldu. Rəqib futbolçuya psixoloji təzyiq göstərən qapıçı onun 11 metrlik zərbədən yararlana bilməməsinə nail oldu. Erik Stil həmin oyunu yada salaraq qapıçının həlledici anlarda təkcə fiziki deyil, həm də psixoloji cəhətdən rəqibə necə təsir edə bilməsini nümunə göstərdi.
– Seminarda təmsil olunan digər ölkələrin qapıçı məşqçiləri Azərbaycan futbolu haqda hansı təəssüratlara malik idilər?
– Seminar müddətində qapıçılar üzrə məşqçilər – İspaniyanın “Deportivo” klubundan Joze Sambade, “Ayaks”dan Yan Splinter kimi mütəxəssislərlə ünsiyyətdə oldum. Sevindirici haldı ki, “Neftçi”nin Avropa Liqasının qrup mərhələsində oynaması onların diqqətindən yayınmayıb. Bu gün “Neftçi” qrup mərhələsində çıxış etməklə, Azərbaycanın adını biz təsəvvür etdiyimizdən də artıq tanıdıb.
– Bu kimi seminarların faydası az olmayacaq.
– Təbii ki, gənc bir məşqçi kimi mənim bu seminarda iştirakım təcrübə qazanmağım baxımından önəmli idi. Orada Avropa ölkələrinin müxtəlif futbol məktəblərinin ənənələri ilə tanış oldum. Onların təcrübəsini burada tətbiq edərək çox yaxşı nəticələrə nail olmaq mümkündü.